“Vardanyan Azərbaycan torpaqlarında qorxusuz gecələməməlidir” – Açıqlama
“Azərbaycan ekoloqları və QHT nümayəndələrinin Laçın dəhlizində etiraz aksiyası başlayan kimi Qarabağa Putin tərəfindən ezam olunmuş Ruben Vardanyan həyatının səhvini etdi”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, Vardanyan aksiyaya etiraz olaraq Qarabağda ilişib qalmış və Rusiyadan gətirib milyonlar hesabına saxladığı erməniləri meydana çıxarıb:
“Bununla da o, minlərlə azərbaycanlının Qarabağa axını üçün zəmin yaradıb. Bu gün hadisələrin cərəyan etdiyi Laçın dəhlizinə Azərbaycanın bütün bölgələrindən on minlərlə insan öz sözünü demək, dəstəyini bildirmək üçün yola düşmək istəyir. Bununla bağlı dövlət orqanlarına da müraciət edilib. Qarabağa getmək istəyənlərin kiçik bir hissəsinin ora göndərilməsi errmənilərin buradakı mövcudluğuna son qoymaq üçün kifayət edəcək. Hadisələrin bu cür inkişafından narahat olan Vardanyan ermənilərin növbəti partiyasını Azərbaycan nümayəndələrinin qarşısına çıxara bilmədi. Artıq qarşısıalınmaz bir prosesə start verilib. Vardanyan və onun kimilər nə qədər gec deyil, qaçıb başlarını qurtarmalıdır”.
Ekspert həmçinin xatırladıb ki, Ruben Vardanyanın qondarma respublikaya gəlməkdə əsas məqsədi Qarabağın Köçəryan-Sarkisyan dönəmindən qalmış təbii sərvətlərini talamaq hesabına öz milyardlarını daha da artırmaq idi:
“Bu məqsədini isə ermənilərə qulluq etmək niyyəti altında gizlətməyə çalışsa da, artıq hər şey gün üzünə çıxır. Onun iki ildən artıq müddətdə fəaliyyətsiz qalan qızıl mədənlərini işə salması əsl məqsədini üzə çıxarır. Putinin elçisinin acgözlüyü onun özü üçün Qarabağ missiyasının başlamamış bitməsi anlamına da gələ bilər. Azərbaycan bundan sonra əlində olan bütün vasitələrdən istifadə edərək Vardanyanın bölgədən çıxarılması və ya neytrallaşdırılması istiqamətində tədbirlər görəcək. Moskvanın Qarabağdakı təmsilçisi bundan sonra Azərbaycan torpaqlarında qorxusuz gecələmək üçün təhlükəsiz yer axtarışında olacaq. Bir gecə qəflətən gələ bilən Azərbaycan əsgəri onun yuxularını ərşə çəkəcək”.
Günay Rəsulqızı