"Rusiyanın bu məsələdə qazancı odur ki..." - Zərdüşt Əlizadədən Laçın yolundakı aksiya ilə bağlı şərh
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən etiraz aksiyasına qoşulanların sayı artır.
Maraqlıdır, hadisələr hansı şəkildə sonlana bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Zərdüş Əlizadə etirazların sonunda erməni tərəfinin Rusiyanın göstərişi ilə Azərbaycanın şərtlərini qəbul edəcəyini deyib:
“Volkov əmr gözləyir. Əgər rəhbərlikdən əmr gəlsə ki, get əhali ilə danış, o zaman Volkov danışıqlara gedəcək. Hadisələrin sonu ilə bağlı yalnız bir ağılabatan nəticə var. Belə ki, Rusiya erməni tərəfinə deyəcək ki, artıq müharibə aparası halda deyil və onlar Azərbaycanın təkliflərini qəbul etməlidir. Azərbaycan tərəfinin tələbi odur ki, Qarabağın erməni icması ilə təmasa keçmək lazımdır. Qarabağda yaşayan erməni əhali Azərbaycan vətəndaşlığı qəbul etməli, qəbul etməyənlər isə xarici vətəndaş kimi yaşayış icazəsi almalıdır. Bunun ardınca isə qaz xətti çəkiləcək və erməni əhali məcbur qalıb Azərbaycan qazından istifadə etməli olacaq. Onlar suyu, elektriki də Azərbaycandan almalıdırlar. Dünyada elə bir hal yoxdur ki, hansısa ölkədə yaşayan əhali qazı, suyu, işğı başqa ölkədən alsın”.
Ekspert hadisələrin yekununda rus sülhməramlılarına statusun verilə biləcəyini də sözlərinə əlavə edib:
“Rusiya tərəfinin bu məsələdə qazancı sülhməramlılarına hansısa statusun verilməsindən ibarət ola bilər. Bu statusda da erməni tərəfinin Azərbaycan qanunlarının tanınmasına məcbur edilməsi əksini tapa bilər. Ola bilsin ki, tam barış həyata keçirilənədək rus sülhməramlılarının xidmət müddəti daha beş il uzadılsın. Əks halda onların xidmətinə gərək qalmayacaq”.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Əzizə Zeynal