“Sülhməramlılar erməni deputatları Laçın dəhlizinə buraxmayıb” - "Hraparak" nəşri
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı Ermənistanın "Hraparak" nəşri qeyd edib ki, sülhməramlılar erməni rəsmilərinə əraziyə girməyə icazə verməyib.
Nəşrin yaydığı məlumata görə, azərbaycanlılar Ermənistanın heç bir rəsmisi ilə danışıqlar aparmaq fikrində deyil və onların problemi ruslarladır. Bununla əlaqədar olaraq, sülhməramlılar hadisədən xəbərdar olub buraya gəlmək istəyən erməni deputatlarının əraziyə girişini qadağan edib, onları birinci keçid məntəqəsindən geri göndəriblər.
"Hraparak" nəşri həmçinin qeyd edib ki, sülhməramlılar hazırda Moskvadan qərar gözləyir.
“Rusiya sülhməramlıları bildiriblər ki, danışıqlardan söhbət gedə bilməz və bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildiriblər ki, problemin həlli siyasi qərar tələb edir və azərbaycanlıları zorla oradan çıxarmaq fikrində deyillər. Lazımi qərarı “yuxarı”dan alanda onlar da nə edəcəklərini biləcəklər...”, deyə nəşrin məlumatında vurğulanıb.
Qeyd edək ki, aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı A.Volkovun gəlib onların haqlı tələblərini dinləyib yerinə yetirməyincə geri çəkilməyəcəklərini bildirirlər.
Günay Rəsulqızı