Deputat: "Onlar kimdir ki, Azərbaycan jurnalistini ora buraxmasınlar"

Deputat:

Dekabrın 3-ü Rusiya sülhməramlıları Xocalıda çəkiliş etmək istəyən jurnalistlərə maneçilik törətməyə çalışıblar. 
 

Sfera.az xəbər verir ki , həmin görüntülər sosial mediada sürətlə yayılıb və müzakirə obyektinə çevrilib. Sosial media istifadəçilər tərəfindən sülhməramlıların Azərbaycan vətəndaşlarını Azərbaycan ərazisinə buraxmaması birmənalı qarşılanmayıb. 

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycan tərəfi sülhməramlılara qarşı olan müasibətini sərtləşdirməlidir:

 

“Ümumiyyətlə Rusiya sülhməramlılarının Azərbaycan tərəfinə nəyisə  qadağa qoymaq ixtiyarları yoxdur. Bura Azərbaycan ərazisidir. Sülhməramlıların işi isə orada olan münaqişənin qarşısını almaq, orada mehribanlıq yaratmaq və orada yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyasını təşkil etməkdir. Onlar həmin əraziyə Rusiya ərazisi kimi baxa bilməzlər. Onların bu hərəkətləri qanunsuzdur, özbaşınalıqdır.  Azərbaycan tərəfi onlara bu cür münasibət bəsləməyə başlayıb deyə onlar belə edirlər. Düşünürəm ki, Azərbaycan tərəfi addımlarını sərtləşdirməlidir və onlar öz yerini bilməlidir. Onlar kimdir ki, Azərbaycan jurnalistini ora buraxmasınlar. Ora Azərbaycan torpağıdır. Azərbaycan jurnalisti ora əlində silah getmir ki, Azərbaycan jurnalisti ora müsahibəyə gedir, reportaja gedir, əlində qələm var.

 

Sülhməramlının isə əlində kalaşnikof var. Zəhmət çəksin, Azərbaycan jurnalistinin təhlükəsizliyini təmin eləsin, öz işini görsün və geri qayıtsın.”

 

Nəzrin

Sfera.az


OXŞAR XƏBƏRLƏR