“Bakı mollaların körpü mesajına Arazı keçməklə cavab verir” – TƏHLİL
“Təlimlər hər nə qədər Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilsə də, İrana gözdağı vermək mahiyyəti kəsb edir”.
Sfera.az bildirir ki, bunu politoloq Turan Rzayev Azərbaycan-Türkiyə birgə təlimlərindən danışarkən deyib.
O qeyd edib ki, təlimlərin keçirildiyi ərazilər diqqət çəkir: “Belə ki, təlimlər Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Astara, Cəbrayıl və İmişli rayonları İranla sərhəd ərazilər hesab edilir. Rəsmi Bakı Türkiyə ilə birlikdə bu ərazilərdə təlimlər keçirərək bir müddət öncə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərə bir daha cavab vermiş oldu. Türkiyə ilə birlikdə ortaq təlimlərin keçirilməsi İrana xəbərdarlıqdır. Təlimlərdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icra edilməsi xüsusi diqqət çəkir. Bakı və Ankara təkcə cənubdan gələ biləcək təhdidlərə qarşı müdafiəni deyil, həmçinin Araz çayını keçməklə düşmənə layiqli cavab verə biləcəyini məşq edir. Bu isə o mənaya gəlir ki, lazım gəlidikdə Araz çayı keçilə bilər”.
Politoloq qeyd edib ki, Bakı və Ankara bu istiqamətdə təlimlər keçirərək, xüsusilə İranın bir müddət öncə Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməsinə açıq şəkildə mesaj verir: “Nəticə etibarilə Azərbaycan-Türkiyə birgə təlimi bir daha onu göstərdi ki, Tehran və Bakı arasında gərginlik hələ səngiməyib və qısa müddətdə səngiyənə də oxşamır. Düzdür, Ankara və Bakı Arazı keçməyi düşünməsə də, bunu edəcə biləcəyini göstərir. İran tərəfi Azərbaycan-Türkiyə birgə təlimindən də dərs çıxarmasa, mümkündür ki, iki qardaş daha genişmiqyaslı təlimlər keçirə, həmçinin Xəzər dənizində birlik, bərabərlik nümayiş etdirə bilər”.
Türkan