Vaşinqtonun YENİ PLANI: İran və Səudiyyə arasında müharibə... – TƏHLİL

Vaşinqtonun YENİ PLANI: İran və Səudiyyə arasında müharibə... – TƏHLİL

“ABŞ və Qərb İranda etiraz aksiyalarının miqyasının böyüməsində və mövcud rejimin devrilməsində maraqlıdır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Turan Rzayev deyib.

 

O bildirib ki, rəsmi Vaşinqton artıq Tehranla nüvə danışıqlarının aparılmasının mənasız olduğunu başa düşüb:

 

“Prinsip etibarilə tərəflər arasında danışıqlar bir müddətdir dondurulub. Buna görə də, ABŞ hazırkı vəziyyətdə gözləmə mövqeyindən proseslərə birbaşa müdaxilə mövqeyinə keçmək qərarına gəlib. Baydenin “Biz İranı azad etməyi hədəfləyirik" sözlərindən belə qənaətə gələ bilərik ki, Vaşinqton İrandakı etiraz aksiyalarına bütün gücü ilə dəstək verəcək. Bu isə faktiki olaraq aksiyaların inqilab kontekstinə keçməsi deməkdir. Vaşinqtona İranda daha sakit, ABŞ-ın regional maraqlarına mane olmayacaq bir rejim, hökumət lazımdır.  ABŞ hər nə qədər İrandakı rejimi devirməyi istəsə də, bunun təkcə etiraz aksiyalarına dəstək verməklə kifayət etməyəcəyini yaxşı bilir. Molla rejimini güc aldığı, güvəndiyi bütün imkanlardan məhrum etmək lazımdır. Bunun üçün regionda yeni bir müharibəyə ehtiyac var. Əslində Baydenin “Biz İranı azad etməyi hədəfləyirik" ifadəsi mövcud İran hakimiyyətinin əlini gücləndirir. Molla rejimi Baydenin bu açıqlamasından daxili auditoriyanın dəstəyini qazanmaq, hətta etiraz aksiyalarını manipulyasiya etmək üçün də istifadə edə bilər. Lakin ABŞ-ın istədiyi də məhz budur. Rejim əlindəki bütün kartları oynasın və imkanlarından sona qədər istifadə etsin”.

 

Politoloq qeyd edib ki, rəsmi Tehran tədricən Vaşinqtonun tələsinə düşür:

 

“İran hakimiyyətinin Qum şəhərində şiə müsəlmanları üçün müqəddəs sayılan Cəmqəran məscidinin günbəzi üzərində qırmızı bayraq qaldırması onu göstərir ki, Tehran ehtimal hücuma hazırlaşır. Rəsmi Vaşinqtonun xarici siyasətinin ən spesifik cəhətlərindən biri dost və düşmən anlayışıdır. Yəni ABŞ özündən güclü düşmənin olmasını istəmədiyi kimi, özündən güclü dostunun da olmasını istəmir.  Rəsmi Vaşinqton üçün Yaxın Şərqdə bir neçə strateji tərəfdaş və müttəfiq ölkə var. Bunlar sarsılan İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və.s-dir. ABŞ Türkiyəni dollar diplomatiyası, İsraili siyasi böhran ilə tənzimləyə bilir.  Lakin son illərdə Səudiyyə Ərəbistanı sürətlə güclənir və əlindəki geniş neft-qaz rezervləri lə Vaşinqtonun təlimatlarını dinləmək istəmir. Hətta Vəliəhd Şahzadə Məhəmməd bin Salman şəxsi məclislərində Co Baydeni ələ salır və Baydenin əqli vəziyyətinin yerində olmadığını deyir. Ağ Evin mətbuat katibi isə Baydenin Səudiyyə ilə münasibətləri yenidən nəzərdən keçirdiyini bildirib. 

 

“Wall Street Journal”da yayımlanan məqalə İranın ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün yaxın 48 saat ərzində Səudiyyə Ərəbistanına hücum edəcəyini iddia edir. Görünən odur ki, Vaşinqton regionda Səudiyyə Ərəbistanı və İran arasında məzhəb faktorlu müharibə başlatmaq istəyir. Səudiyyə-İran müharibəsi İranı da, Səudiyyəni də kifayət qədər zəiflədə bilər. Beləcə, ABŞ həm güclənməkdə olan Səudiyyəni tənzimləyə, həm də regional maraqları üçün ciddi təhdid olan, ipə-sapa yatmayan İranda rejimi dəyişərərək öz maraqlarına uyğun yeni rejim formalaşdıra bilər”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR