“Nə Vardanyanla danışıqlar olacaq, nə də...” - Politoloq
Separatçı-terrorçu rejiminin qondarma “dövlət naziri” Artak Beqlaryan dünən sonuncu mətbuat konfransını keçirib. O, bu vəzifəni iki ay əvvəl Qarabağa köçən milayrder iş adamı Ruben Vardanyana həvalə edib.
“Çox şadam ki, Ruben Vardanyan dövlət naziri kimi fəaliyyətini davam etdirəcək, təbii ki, başqa səlahiyyətlər, başqa funksiyalar və məqsədlərlə”, - deyə Beqlaryan bildirib.
Beləliklə, 53 yaşlı oliqarx milyarder Vardanyan bu gündən Xankəndindəki separatçı rejimin qondarma "dövlət naziri" vəzifəsinin icrasına başlayır. Digər tərəfdən son günlər sosial medianın erməni seqmentində rəsmi Bakının Vardanyanla görüşməsi yönündə təkliflər səsləndirilir.
Bununla bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Ruben Vardanyanın oyuncaq rejimin başına gətirilməsi Rusiyanın məqsədli planlarından biridir:
“Bu, əlbəttə, qeyri-qanuni hərəkətdir. 10 noyabr üçtərəfli bəyannamənin şərtlərində o ərazidə hansısa oyuncaq separatçı rejimin olacağı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Belə olan halda Rusiyanın 2 ilə yaxın müddət ərzində həmin separatçı rejimi orada saxlaması ondan xəbər verir ki, imzalanmış müqavilənin şərtlərinə əməl etmək gündəmdə deyil. Yəni Rusiya daha çox imitasiya xarakterli addımlar atır. Rəsmi Bakının Ruben Vardanyanla görüş ehtimalına gəldikdə isə Azərbaycan tərəfi dəfələrlə elan edib ki, biz separatçı qurumla danışıqlar masasına oturmuruq və bu, bizə lazım deyil. Çünki Azərbaycanın Qarabağ bölgəsində separatçı qurumun olması ölkəmizin milli maraqlarına, təhlükəsizliyinə ziddir”.
Müsahibimiz bildirib ki, hazırda separatçı qurumun ləğv edilməsi və həmin ərazilərin Azərbaycanın suverenliyinə verilməsi məsələsi gündəmdir:
“Düzdür, Rusiya bu gün bütün imkanları ilə bölgədə vəziyyəti nəzarətində saxlamaq üçün müxtəlif manipulyasiyalar edir. Amma nəzərə almaq lazımdır ki, həmin ərazilər Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış torpaqlarıdır və burada hansı qurumun olub-olmaması ilə bağlı qərar bizə aiddir. Bu baxımdan Rusiya Vardanyanın separatçı oyuncaq rejimin başına gətirməklə, imzalanmış müqavilələrlə yanaşı, həm də qonşuluq prinsipinə zidd addım atdığını ortaya qoymuş oldu. Nə Vardanyanla danışıqlar olacaq, nə də həmin qurum axıra qədər orada qərar tutub qalacaq”.
Günay Rəsulqızı