Soçi bəyanatı Bakının maraqlarına uyğundur? - Qarabağla bağlı maddə...
“Soçi görüşünü ümumilikdə Azərbaycan üçün uğurlu hesab etmək olar”.
Sfera.az bildirir ki, bunu politoloq Turan Rzayev deyib.
O qeyd edib ki, sözügedən görüşdə yekunda verilən birgə bəyanatda tərəflər bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək, həllinə razılaşdıqlarını bildirib:
“Bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Qeyd edim ki, Alma-Ata Protokolu həm də bundan öncəki Praqa bəyanatında var idi. Əslində tərəflər bununla Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində imzalanacaq istənilən anlaşmanın ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkün olduğunu qəbul etmiş oldu. Rəsmi İrəvan da bunu bir daha qəbul etdi. Soçi bəyanatında Qarabağ və “statusa” dair heç bir ifadə yer almayıb. Halbuki Ermənistan görüşdən öncə bu məsələni gündəmə gətirməyə çalışacağını açıqca bəyan etmişdi. Lakin görüşdən öncə Prezident İlham Əliyev açıqca bildirdi ki, münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir”.
Politoloq qeyd edib ki, bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması isə Xankəndidəki son mitinq fonunda separatçıların ümidlərini puç edib:
“Görüşdə 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrası da müzakirə edildi. Tərəflərin qeyd edilən bəyanatların icrasını müzakirə etməsi erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən Zəngəzur dəhlizinin verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyini göstərir. Nəticə etibarilə Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu, Azərbaycan diplomatiyasının gücüdür”.
Türkan,
Sfera.az