Paşinyanın İran səfəri – O, Tehrandan nə istəyəcək?

Paşinyanın İran səfəri – O, Tehrandan nə istəyəcək?

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçi görüşündən dərhal sonra İrana işgüzar səfərə yollanıb. Baş nazir Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Paşinyan İrana sonuncu dəfə 2021-ci ilin avqustunda səfər edib.

 

Paşinyanın bu səfərini necə dəyərləndirmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov bunları deyib:

 

“Soçi səfərindən gözləntilərimiz demək olar, cüzi fərqlə reallaşdı. Səfərdən əvvəl bilirdik ki, nəticə dəyişməz olaraq qalacaq. Bilirsiniz, İran bir neçə gün öncə Ermənistanın Qafan rayonunda konsulluq açdı. İndi də Ermənistan Təbrizdə konsulluq açmaq istəyir. Eyni zamanda İran Ermənistanla birgə hərbi təlimlər keçirmək istəyini ifadə edib. Düşünürəm ki, bu məsələlər müzakirə ediləcək. Üstəlik, iqtisadi sahədə bəzi məsələlərin masada olacağı gözlənilir. İranla Ermənistan arasındakı şosse yolu normal vəziyyətdə deyil. Onlar hələ ki Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolundan da istifadə edirlər. Bütün bunlar hamısı ondan xəbər verir ki, bu iki ölkə arasında kifayət qədər həll edilməli problemlər var”.

 

Müsahibimiz bildirib ki, İran özünü regional aktor kimi göstərməyə çalışır:

 

“İran bu və ya digər formada Ermənistana dəstəyini açıq şəkildə ifadə edir. Fikrimcə, İran səfərində üç istiqamət əsas müzakirə mövzusu olacaq: siyasi, iqtisadi və təhlükəsizlik sahəsi. Hər halda Nikol Rusiyadan alacağını aldı. Yəni Rusiya Paşinyana bundan artıq nəsə verəsi deyildi. Ona görə indi yeni manevr etmək istəyir və bunu da İran üzərindən reallaşdırmaq fikri var. Bunu nə qədər bacarıb-bacarmayacağını isə zaman göstərəcək. Amma hadisələrin gedişindən, tarixə söykənərək deyə bilərik ki, Paşinyanın İran səfəri də onun vəziyyətdən çıxışına imkan verməyəcək. Heç İranın özündə də vəziyyət yaxşı deyil. Nəticənin dəyişməsi gözlənilmir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR