“Oktyabrın 31-də Putin Paşinyanı məcbur edəcək ki…” – Üçtərəfli Soçi görüşündən gözləntilər
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Azərbaycanla danışıqlar masası üzərində hələ heç bir sülh sənədi yoxdur. A.Simonyan deyib ki, sülhə dair yüzlərlə təklif və rəy olsa da, ortada real sənəd yoxdur. Onun sözlərinə görə, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti elan olunmamış son tarixdir, hər iki tərəf bunu istəyir.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq. Görüş öncəsi erməni diplomatın belə açıqlamalar verməsi İrəvanın yenə də sülhdən yayındığını göstərir.
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, rəsmi İrəvan hər zamankı kimi bu gün də təxribatla məşğuldur. Lakin onların çıxış yolları yoxdur:
“Azərbaycan Prezidenti Gürcüstanda işgüzar səfərdə olanda da bildirdi ki, Ermənistana 5 prinsipdən ibarət sülh sənədi təqdim etmişik və sülhün tərəfdarıyıq. Ermənistanın fikrini çaşdıran isə Fransa, İran və Rusiyanın müəyyən qüvvələridir. Onların hər biri özünə sərf edən hansısa bir mövzunu ortalığa atırlar, Ermənistan rəhbərliyində isə Paşinyan başda olmaqla peşəkar siyasətçi yoxdur”.
C.Nuriyev qeyd edib ki, Putin Soçidəki görüşdə Avropa Şurasının rolunu ikinci plana keçirmək və gündəmə Rusiyanı gətirmək istəyir:
“Bu baxımdan son günlər rus telekanallarında həm Azərbaycan, həm də Ermənistana qarşı atılan addımlardan görünür ki, Rusiya öz maraqlarını təmin etmək üçün imperativ siyasətinə davam edir, tərəfləri özünə tabe etmək haqqında düşünür və bu yöndə addımlar atır. Yəqin ki, 31 oktyabrda Putin birmənalı şəkildə Paşinyanı buna məcbur edəcək. Rusiya çox gözəl başa düşür ki, hazırda Ermənistanın atdığı addımlar Rusiyanın Qafqazdan çıxarılmasına xidmət edir. Lakin Putin buna imkan verməyəcək, hansı yolla olursa-olsun, Paşinyanı razılaşdıracaq, əks halda ya onu devirəcək, ya da “aradan götürəcək”. Kremlin başqa yolu yoxdur. Paşinyan peşəkar siyasətçi olmadığı üçün yəqin ki, Soçidəki görüşdə Rusiyanın mövqeyinə razılıq verəcək”.
Politoloq vurğulayıb ki, görüşün oktyabrın 31-nə təyin edilməsi təsadüfi deyil:
“Çünki Avripa İttifaqı (Aİ) bu ayın sonuna qədər ən azı sənədin ilkin varinatının masa üstündə olmasını istəyirdi. Simonyan da ona görə belə bir sənədin olmadığını deyir. Sənəd o zaman olar ki, işçi qrupları yaradılar və həmin işçi qrupları birgə işləyib ən azı sənədin çərçivə formasını hazırlayarlar. Biz tərəfdən işçi qrupu olsa da, Ermənistanın belə bir qrupu yoxdur. Simonyanın söylədiklərində 2 tərəfə mesaj var: Bunlardan biri ASALA-ya verilən mesajdır, yəni sülh sazişinə hazırlaşmırıq. Digər tərəfdən isə Rusiyaya mesaj verirlər ki, baxmayaraq Aİ ayın sonuna qədər sülh sənədini istəyib, amma biz bunu etmədik. Bir sözlə, özlərini uzaqgörən diplomat hesab edirlər, amma belə diplomatiyanın sonu yoxdur…”.
Yeganə