Putin Paşinyanın bu davranışını bağışlayacaqmı? - "Kremlin cavabına sayılı günlər qalıb"
Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin və erməni əsilli jurnalist və televiziya aparıcısı, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyub. Bununla da Nikol Paşinyan Rusiyanın Ermənistan siyasətini kurasiya edən şəxsləri konkret olaraq boykot edib. Digər tərəfdən, Ermənistan parlamentində KTMT-dən çıxmaqla bağlı dinləmələrin keçiriləcəyi də açıqlanıb.
Baş verən hadisələr Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək? Paşinyanı hansı aqibət gözləyir?
Bununla bağlı Sfera-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bu gün gündəlikdə əsas müzakirə olunan məsələlər Konstantin Zatulinin və Marqarita Simonyanın Ermənistana girişinə qoyulan qadağalardır və bu, həqiqətən Rusiya-Ermənistan səmasında çaxan ildırıma bənzədi:
“Regiondakı proseslərlə tanış olan heç kim bu iki şəxsin Ermənistana girişinə nə zamansa qadağa qoyulacağını təsəvvür belə etməzdi. Amma bu artıq faktdır, Rusiya və Ermənistan kütləvi informasiya vasitələri bu hadisənin başvermə səbəbi və nəticələri haqqında müzakirələr yürüdürlər. Qadağanın Rusiya -Ermənistan münasibətlərinin korlanmasına təsir edəcəyini proqnozlaşdıranlar daha çoxdur. Amma Ermənistan tərəfi sözügedən şəxslərin siyasi fəaliyyətinin Ermənistan-Rusiya münasibətlərinə ziyan gətirdiyinə görə bu addımı atdıqlarını deyir. Əsl həqiqətin nə olduğunu müəyyən etmək üçün isə hələ tezdir”.
Müsahibimiz qeyd edib ki, Ermənistan rəhbərliyi Rusiya tərəfindən ciddi xəbərdarlığa məruz qalacaq:
“Bu xəbərdarlıq müxtəlif cəza tədbirləri formasında da ola bilər. Amma bəzi mütəxəssislər Ermənistan hakimiyyətinin Rusiyada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşü pozmaq üçün bu səpkidə manevr etdiyini düşünürlər. Əgər nəzərdə tutlan görüş həqiqətən baş tutmasa, regionda ciddi dəyişikliklərin start götürdüyünü əminliklə demək mümkündür. Düşünürəm ki, Paşinyan və onun komandası Qərblə Rusiya arasında yeni gedişlərini etdilər. Rusiyanın cavabını gözləməyə sayılı günlər qalıb”.
Günay Rəsulqızı