“Makronun özfəaliyyəti Qərbin təşəbbüslərinə təhdid törədir” - Fərhad Məmmədov

“ABŞ və Fransanın destruktiv fəaliyyəti Avropa İttifaqının konstruktiv vasitəçiliyinə və ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına ciddi təhdid yaradır”.
Sfera.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Ermənistanla Azərbaycan arasında danışıqlarda Avropa İttifaqının (Aİ) vasitəçiliyini şərh edərkən bildirib.
Politoloq xatırladıb ki, 2022-ci ilin dekabrında Aİ-nin vasitəçiliyə başlamasından bir il ötəcək. F.Məmmədov Aİ-nin vasitəçiliyi ilə keçirilən görüşlərdə bir neçə bəyanatın qəbul edilyini söyləyib:
“Rəsmi Brüssel danışıqlara maliyyə yardımı paketləri (Ermənistana 2,6 milyard avro, Azərbaycana 2 milyard avro) təklif etməklə gəlmişdi. 2021-ci ildə 14 dekabr bəyanatı “hərbi məhbusların” azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin həll edilməsi, minatəmizləmə səylərinə dəstək, münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma istiqamətlərində kömək kimi məsələləri əhatə edirdi. Fevralın 4-də qəbul olunan bəyanatında ATƏT-in adı hallansa da, onun ardınca qəbul edilən heç bir bəyanatda Minsk qrupu və ya “status” məsələləri mətnə daxil edilməmişdir. Aprelin 6-da olan bəyanatda Paşinyanın bütün səylərinə rəğmən “avtomobil yolu əlaqələrinin bərpası” mətnə daxil olundu.
Mayın 23-dəki bəyanatda isə “Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həll edilməsindən” bəhs etsə də, mətndə ermənilərin yaşadıqları ərazi “Dağlıq Qarabağ” yox, “Qarabağ” adlandırılmışdır. Ermənilərə münasibətdə “xalq” yox, “əhali” terminindən istifadəsi isə müqəddəratın təyinetmə prinsipinin onlara şamil olunmadığından xəbər verir. Beləliklə, Brüsselin siyasi terminologiyası ermənilərdə yalançı ümid və xülyaların formalaşmasına imkan vermir”.
F.Məmmədov hesab edir ki, Aİ-nin səmərəli və tarazlı vasitəçiliyi ABŞ və Fransa tərəfindən müəyyən narazılıq və qısqanclıqla qarşılanır. Bu, xüsusilə də sentyabrdan bəri hiss olunur:
“Ş.Mişeli ikinci plana çəkmək məqsədilə ABŞ Blinkenin və Sallivanın iştirakı ilə üçtərəfli, Fransa isə Makronun iştirakı ilə Praqada dördtərəfli görüş keçirdi. Lakin danışıqlardan az müddət sonra Makron müsahibəsində Qarabağı “beynəlxalq tanınmamış ərazi”, Azərbaycanı isə bu ərazini “işğal edən” tərəf adlandırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Makronun “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatı Azərbaycan-Fransa münasibətlərinə xələl gətirməklə yanaşı, Qərbin vasitəçilik funksiyasına da kölgə salır. Vaşinqton və Parisin sözdə Brüsseli dəstəkləyib, əməldə isə onun vasitəçiliyinə xələl gətirən addımlar atması Qərbin bütün vasitəçilik missiyasını təhlükə altına qoyur.
Brüsselin konstruktiv yanaşmasından fərqli olaraq Paris və Vaşinqton ənənəvi “kötək və kökə” siyasətini həyata keçirirlər. Baydenin məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsindən istifadə etməsi və Azərbaycanın Fransadakı səfirliyinə hücumlar kötək siyasətinin elementlərindəndir. 2020-ci ilin 25 noyabr tarixində Fransa Senatı 305 leyhinə, 1 əleyhinə nisbəti ilə Fransa hökümətini qondarma qurumun müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etdi”.
Politoloq 2022-ci ilin 15 noyabrında Fransa Senatının 6 deputatın irəli sürdüyü və Bakıya sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməyə baxacağını xatırlatdı. O ABŞ parlamentinin də oxşar addımlar atmağa hazırlaşdığını da söylədi:
“Fransada qəbulu nəzərdə tutulan qətnamə neft-qaz tədarükünə embarqonu, Qarabağda Fransanın humanitar ofisinin yaradılmasını, Ermənistana hər cür, o cümlədən müdafiə xarakterli yardımın göstərilməsini, erməni əhalisinin və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhlükəsizliyinə təminatın verilməsini və bu məqsədlə beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, ABŞ Konqresində də ermənipərəst konqresmenlər tərəfindən bir neçə qətnamə müzakirəyə çıxarılacaqdır.
Qərbin sanksiya təhdidi əsasən Ermənistan ərazisi və Qarabağ erməniləri ilə bağlıdır. Belə təxribatçı və aqressiv siyasətin davam etdirilməsi Qərbin diskreditə edilməsinə və Ş.Mişelin vasitəçiliyi ilə əldə edilmiş böyük proqresin isə sıfra endirilməsinə gətirə bilər. Ermənilərdə növbəti əsassız xülyaların yaranmasına səbəb ola biləcək addımlar regionda uzunmüddətli sülhü və ilk növbədə Qərbin məqsədlərinə nail olmasını mümkünsüz edir”.
Vasif,
Sfera.az