Sorosun Qarabağ ermənilərinə olan “sevgisi” – II Qarabağ müharibəsindən sonra qrantlar niyə artıb?

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) ABŞ-ın Açıq Cəmiyyət Fondunun (Soros Fondu) II Qarabağ müharibəsindən sonra Ermənistandakı qrant layihələri ilə bağlı araşdırma aparıb. CQTM-nin araşdırmaları göstərir ki, Soros Fondu müharibədən sonra Qarabağ ermənilərinə ayırdığı vəsaitləri artırıb.
Sfera.az bu araşdırmaya istinadən xəbər verir ki, 2020-ci ilin sentyabrından Soros Fondu 14 layihəyə ümumilikdə 333 min ABŞ dollarından çox qrant ayırıb. Qeyd edilən vəsait Ermənistanda və Qarabağda sırf Qarabağ erməniləri ilə bağlı layihələr üçün nəzərdə tutulub.
CQTM bildirir ki, təşkilatın öz saytında bu qrantlarla bağlı məlumatlar ictimaiyyətə açıqdır:
“Bu siyahıya baxdıqda maraqlı məqamlar üzə çıxır. Soros Fondu Ermənistanda 1997-ci ildən bəri fəaliyyət göstərir. O vaxtdan bəri Fond müxtəlif layihələrə 63 milyon dollar qarantlar verib. Bu layihələr təhsil, səhiyyə, hüquq, siyasət, maliyyə və digər sahələri əhatə edir. 2018-ci ildə Ermənistanda baş verən inqilabın arxasında da Soros Fondunun olduğu iddia olunur. Ermənistanın indiki hakimiyyətində Soros Fondu ilə əlaqəsi olan şəxslərin siyahısı mediada mütəmadi olaraq dərc edilir. Bu siyahıya təhlükəsizlik şurasının katibi, bəzi deputatlar, komitə sədrləri, nazirlər, hüquq-mühafizə orqanlarının rəhbərləri daxildir”.
Araşdırma zamanı məlum olub ki, son 2 il ərzində Soros Fondu tərəfindən ayrılan 333 min dolların cəmi 112 min dolları birbaşa yardım adı altında istifadə edilib. Daha böyük hissəsi, yəni 134 min dolları isə Azərbaycan əleyhiyə olan işlərin maliyyələşdirilməsi üçün sərf olunub.
Azərbaycan əleyhinə istifadə edilən vəsaitlər əsasən, insan hüquqları və humanitar hüquq pozuntularının aşkarlanması, müharibə cinayətlərinə dair sübutlarının toplanması adı altında xərclənib. Qalan vəsait isə Qarabağda konsertlərin təşkili, Qarabağ ermənilərinin Ermənistana inteqrasiyası və digər məqsədlər üçün istifadə olunub.
CQTM-nin araşdırması göstərir ki, həmin vəsaitlərin böyük hissəsinin məkrli məqsədlər üçün istifadəsi əslində niyyətin fərqli olmasından xəbər verir.
“Aşağıdakı siyahıda bu fonddan hansı proqramlar adı altında hansı təşkilatların nə qədər qrant aldığı təsdiq edilib.
Humanitar yardım proqramı çərçivəsində:
- Martuni Qadınlar İcması Şurasına – 31 600 dollar;
- Gorus Mətbuat Klubu Qeyri Hökumət Təşkilatına – 33 500 dollar;
- Missiya Ermənistan Qeyri Hökumət Təşkilatına – 37 500 dollar;
- Bərabər Hüquqlar üçün Qeyri Hökumət Təşkilatına – 42 070 dollar;
- Qadın hüquqları evinə 10 000 dollar;
- Hələb Vətənpərvər Xeyriyyə Qeyri Hökumət Təşkilatına – 30 000 dollar;
- Helsinki Vətəndaş Assambleyasına 20 000 dollar;
- Hüquq İnkişaf və Müdafiə Fonduna 15 000 dollar;
- Sərhədsiz Hüquqların Müdafiəsi Qeyri Hökumət Təşkilatına 17 000 dollar;
Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı üzrə:
- Hadruta Qayıdış Qeyri Hökumət Təşkilatına 25 000 dollar;
- Kaşatağa Qayıdış Qeyri Hökumət Təşkilatına 15 000 dollar;
İnsan Hüquqları və Qanunun Aliliyi Proqramı üzrə:
- Strateji Məhkəmə Çəkişmələri Mərkəzinə 25 000 dollar;
- Beynəlxalq və Müqayisə Hüququ Mərkəzinə 27 000 dollar;
Qrant alan təşkilatların əksəriyyəti Ermənistana aid olsa da, aralarında 2 təşkilat diqqəti cəlb edir. Bunlardan biri Hadruta Qayıdış, digəri isə Kaşatağa Qayıdış təşkilatıdır. Müharibə cinayətində iştirak edən, qanunsuz məskunlaşma və azərbaycanlıların əmlakını talamaqla məşğul olanların qurduğu təşkilata qrant vermək məqsədin başqa olduğunu göstərir.
Soros Fondu açıq-aşkar Ermənistanın Azərbaycana ərazi iddialarını dəstəkləməklə Qarabağın erməni əhalisində növbəti fəlakətlərə səbəb ola biləcək xülyaları formalaşdırmaqdır”.
Vasif,
Sfera.az