Ərdoğan Putini razı sala biləcəkmi? – Sabah dünyanın gözü Astanada olacaq

Ərdoğan Putini razı sala biləcəkmi? – Sabah dünyanın gözü Astanada olacaq

Sabah Qazaxıstanın paytaxtı Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü gözlənilir. İki ölkə liderləri regionda və dünyada cərəyan edən aktual məsələləri müzakirə edəcəklər.
 

Xatırladaq ki, Türkiyə və Rusiya prezidentlərinin sonuncu görüşü Tehranda keçirilən Suriya üzrə sammit çərçivəsində baş tutmuşdu.

 

Məlum görüş barədə fikirlərini Sfera.az-la bölüşən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, Ərdoğan-Putin görüşü indi həm Rusiya, həm də bütün dünya üçün çox böyük əhəmiyyət daşıyır. Çünki, hazırda Ukrayna savaşı geriyə dönüşü olmayan təhlükəli mərhələyə keçmək üzrədir.

 

Politoloq qeyd edib ki, indi Ukrayna savaşının tezliklə əhatə dairəsini və iştirakçılarının sayını artıra biləcəyi, nəticədə üçüncü dünya müharibəsinin reallığa çevriləcəyi tamamilə inandırıcı görünür:

 

“Üstəlik, Rusiyanın ən çıxılmaz vəziyyətdə nüvə silahından istifadə etmək niyyətinə düşə biləcəyi də istisna olunmur. Avropa ölkələrini isə bütün bunlara paralel olaraq, şaxtalı qış gözləyir. İndi əksər Avropa ölkələrinin əsas problemi qarşıdakı şaxtalı qışdan Rusiya enerji resursları olmadan necə çıxa biləcəyi ilə bağlıdır.  Təbii ki, belə vəziyyətdə Rusiya ilə danışıqlar, anlaşma imkanı axtarmaq olduqca böyük əhəmiyyət daşıyır. Bəzi məlumatlara görə, Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla, bir çox Avropa ölkəsi Rusiya prezidenti Vladimir Putin ilə təmas qurmağa cəhd göstərib. Ancaq Kreml sahibi Fransa prezidentinin və digər Avropa ölkələri liderlərinin telefon zənglərinə cavab verməkdən qəti şəkildə imtina edib. Bu isə o deməkdir ki, Rusiya və Avropa ölkələri ilə "körpülər yandırılmağa" başlayıb.

 

Maraqlıdır ki, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya liderinin siyasi-diplomatik ünsiyyəti əvvəlki kimi, qoruyub saxladığı yeganə dövlət lideridir. Prezident Vladimir Putinin Türkiyə liderinə etibar etdiyi bildirilir. Türkiyə prezidentinin Ukrayna savaşı ilə bağlı son açıqlamasında ABŞ və Qərbi açıq şəkildə tənqid edib, günahlandırması da Kreml sahibi üçün nəzərə alınacaq önəmli məqamdır”.

 

E.Xalidbəyli vurğulayıb ki, bəzi məlumatlara görə, Kreml sahibi Türkiyə prezidentinin Rusiya və Qərb dövlətləri arasında aparılacaq danışıqlar prosesində yeganə vasitəçi olmasında israrlıdır:

 

“Çünki, rəsmi Ankara Rusiya və Qərb arasında həlledici danışıqların keçirilməsi barədə ciddi təkliflərə də müəlliflik etməkdədir. Rəsmi Ankara bu danışıqların yaxın vaxtlarda İstanbulda keçirilməsinə cəhd göstərir. Əsas məqsəd Ukrayna savaşının dayandırılması üçün ortaq şərtlərin müəyyən edilməsi, dünyanın normal vəziyyətinə geri qaytarılması, ərzaq böhranı ilə bağlı təhlükənin aradan qaldırılması və s. problemlərin həll edilməsidir.

 

Böyük ehtimalla Astarada baş tutacaq Ərdoğan-Putin görüşündə iki lider bütün bu məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Bu baxımdan, hesab etmək olar ki, bir müddət öncə "taxıl dəhlizi"nin açılmasına nail olmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dünyanı xilas etmək imkanlarını sınaqdan çıxartmağa çalışır. Hər halda, üçüncü dünya müharibəsi və nüvə savaşı ilə bağlı təhlükələr bütün dünyanın gələcək taleyini birbaşa təhdid etməyə başlayıb. Dünyanı həmin təhlükələrdən xilas etmək baxımından, Türkiyə lideri demək olar ki, qlobal sülh prosesini təmsil etmək imkanlarına malik olan yeganə dövlət lideridir”.

 

Yeganə

 


OXŞAR XƏBƏRLƏR