Tərəflər sülh müqaviləsinin bir addımlığında – Bakı və İrəvanın Praqa anlaşması

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda məlumat verilib.
Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
Bununla bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Ermənistanın 12-14 sentyabr döyüşlərindən konkret nəticələr çıxardığını düşündüyünü deyib:
“Azərbaycan bu bəyannaməyə imza atıbsa, demək Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyıb. Çünki bundan əvvəl Nikol Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsindən çıxarırdı. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında iki bəyannamə imzalanıb. Amma Ermənistan bu bəynnamələrə əməl etmir. Hazırkı sitiuasiyada Ermənistan tərəfinin manipulyasiya imkanları zəifləyib, Rusiyadan uzaqlaşmaq kursu götürülüb. Digər tərəfdən, Ermənistan baş nazirinin "Zəngəzur dəhlizi”nin reallaşdırılması ilə bağlı mövqeyində rəsmi dəyişiklik olmayıb. Çünki Paşinyan Zəngəzur dəhlizində Rusiya hərbçilərinin yerləşdirilməsinə qarşıdır”.
Müsahibimiz qeyd edib ki, rəsmi Bakı Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığını rəsmən elan etməlidir:
“Ermənistan tərəfi də bu barədə ictimaiyyətinə açıqlama verməlidir. Sülh sazişinin imzalanması istiqamətində ciddi problem Ermənistanın Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində tanınmamasını bəyan etməsi idi. Buna görə də Avropa İttifaqının vasitəçiliyi zədələnmişdi, ABŞ prosesdə təşəbbüsü ələ almağa çalışırdı. Fikrimcə, sülh sazişinin imzalanması Brüsselin vasitəçiliyi ilə reallaşacaq”.
Günay Rəsulqızı