"Putin tərəfdaşlarını çətin vəziyyətə salıb" - Elxan Şahinoğlu

“Kremlin Ukraynanı parçalaması Rusiyaya tərəfdaş ölkələri mürəkkəb vəziyyətə sürükləyib. Belarus Rusiyanın strateji müttəfiqi olsa da, bu ölkənin prezidenti Aleksandr Lukaşenko Kreml sahibi Vladimir Putinin planlarından daxilən narazıdır, sadəcə bunu açıq şəkildə söyləyə bilmir. Rusiyanın digər tərəfdaşı Qazaxıstan aşkar şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Hindistan və Çin üçün də ərazi bütövlüyü prinsipi müzakirə mövzusu deyil:
“Əgər Dehli və Pekin hansısa dövlətin ərazisinin parçalanmasına dəstək versələr, öz prinsiplərindən geri addım atmış olacaqlar. Ona görə də Dehli və Pekin Kremlin tərəfdaşları olsalar da, Ukraynanın parçalanmasına dəstək verə bilməzlər. Çinin vəziyyəti daha ağırdır. ABŞ-ın sanksiyaları ilə hədələnən və Tayvanla bağlı Vaşinqtonla gərgin münasibətlərdə olan Pekin Kremllə strateji tərəfdaşlığa üstünlük verib. Ancaq bu tərəfdaşlıq Çinin ərazi bütövlüyü prinsipinə baxışına kölgə salıb.
Çinin xarici işlər naziri Vanq Yi BMT Baş Assambleyasındakı çıxışında etiraf edib ki, Rusiya-Ukrayna müharibəsinin bölgəyə neqativ təsirləri artıb. Çinli nazir “neqativ təsirlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasa da, Vanq Yinin Ukraynadakı müharibənin başqa bölgələrə də keçə biləcəyinə işarə edib. Çinin xarici işlər naziri Pekinin Avropa İttifaqının Rusiya ilə Ukrayna arasında dialoq təklifini dəstəklədiyi bildirib. Vanq Yinin Avropa İttifaqının adını çəkməsi təsadüfi deyil”.
Politoloqun sözlərinə görə, bununla Pekin Kremlə mesaj göndərib ki, Vaşinqtonla münasibətləri gərgin olsa da, Avropadan üz döndərməyəcək və Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək:
“Ümumiyyətlə Pekin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını və iki ölkə arasında dialoqa başlanılmasını dəstəkləyir. Ankara da eyni mövqedən çıxış edir. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “referendumun” qırmızı xəttin aşılması kimi qiymətləndirib. Ancaq Kreml sahibi dostlarının xahişlərini eşitməyib”.
Turan Rzayev