Paşinyan administrasiyası nəyə ümid edir? – “Vaxtı uzatmaqla..”

“Rəsmi İrəvan adətən yüksək səviyyəli görüşlərdən əvvəl provokasiyalar törədir. Beləliklə, danışıqlar masasında "güclü mövqedən" çıxış edəcəyini düşünür”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov son təxribatlardan danışarkən deyib. Müsahibimiz qeyd edib ki, Ermənistan hakimiyyətinin qərarlarına asanlıqla təsir etmək iqtidarında olan üçüncü tərəflər sülh prosesinə süni əngəl yaradırlar:
“Ermənistan iqtidarının təxribatlarının səbəbini də üçüncü qüvvələrdə axtarmaq olar. Hər dəfə layiqli cavab almasına rəğmən, qarşı tərəf sabotaj cəhdlərini silsilə şəklində davam etdirir. Bu, üçüncü tərəflərin prosesdə əli olduğu ehtimalını artırır. Lakin nəticə dəyişməzdir: danışıqlar prosesinə xələl gətirilir. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan regional sabitlikdə maraqlıdırsa, siyasi iradə göstərməlidir. Cənubi Qafqazda sülh və sabitlik əslində indi hər kəsdən daha çox Ermənistana lazımdır. Çünki bölgədəki "ən zəif bənd" İrəvandır. Digər tərəfdən Şərqi Avropada davam edən müharibə və Qərblə Rusiyanın mübarizəsi gələcəkdə Ermənistanın işini daha da çətinləşdirə bilər, artıq bunun əlamətləri hiss olunur. Bəs, Paşinyan administrasiyası nəyə ümid edir? Çox güman, Ermənistan hökuməti vaxtı uzatmaqla gələcəkdə nəyəsə nail ola biləcəyini düşünür. Amma bu, mənasızdır. Əksinə, vaxtın uzanması, davam edən provokasiyalar Ermənistanın şanslarını daha da azaldır”.
Ekspert bildirib ki, beynəlxalq güclər Ermənistanın haqsız mövqeyini sonsuzadək dəstəkləyə bilməyəcək:
“Bunu bir dəfə Fransa, Rusiya və ABŞ-ın həmsədr olduqları Minsk Qrupu formatında gördük. 30 ildən sonra Azərbaycan həmin dövlətlərin işini yerinə yetirdi, ərazi bütövlüyünü təmin etdi. Bundan sonra dünya gücləri qalib tərəfin- rəsmi Bakının maraqları ilə hesablaşmağa başladılar. İrəvan mütləq bunu nəzərə almalıdır. Başa düşməlidir ki, süni yolla prosesləri uzatmaq sadəcə Ermənistanın özünə ziyandır. Beləliklə, İrəvan reallıqları anlamalı, düzgün qiymətləndirməli və xəyallardan uzaqlaşmalıdır. Əks halda durumu dəfələrlə daha ağır olacaq”.
Günay Rəsulqızı