İrandakı etiraz aksiyaları nəzarətli xaosdur? - İDDİA

On gündür, İranda hicab qaydasına əməl etmədiyi üçün 22 yaşlı Məhsa Əmininin polislər tərəfindən qətlə yetirilməsinə etiraz olaraq kütləvi aksiyalar keçirilir.
İranda baş verən etiraz aksiyaları ilə bağlı artıq fərqli versiyalar səslənməkdədir. Bu versiyalardan biri də baş verən etiraz aksiyalarının rejim tərəfindən məqsədyönlü və nəzarət edilə biləcək şəkildə təşkil edilməsidir.
Maraqlıdır, rəsmi Tehranın indiki məqamda nəzarətli xaos yaratması nə dərəcədə düzgün yanaşmadır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, İranda baş verən etiraz aksiyalarının rəsmi Tehran tərəfindən məqsədyönlü şəkildə təşkil edilməsi real yanaşma deyil.
“Məsələ ondadır ki, mövcud etiraz aksiyaları məhəlli yox, ümumi xarakterlidir. Təkcə bu fakt proseslərin mərkəzi hakimiyyətdən deyil, kənardan idarə edildiyini deməyə əsas verir. İran rejimi etiraz aksiyalarının qarşısını almaqda acizdir. Bunu etirazların sürətlə yayılması, ölənlərin sayının artması da təsdiqləyir. Hesab edirəm ki, etirazların bu tempdə davam etməsi prosesləri inqilab fazasına keçirə və İranın parçalanması ilə nəticələnə bilər”.
Turan Rzayev