“Nə qədər ki Rusiya və İran “məşğul”dur, Ermənistanı sülhə məcbur etməliyik” - Politoloq

“Levonun Ermənistanın gələcəyi ilə bağlı proqnozları bir çox hallarda doğru çıxıb. Münaqişə həll olunmasa, Ermənistanın indi düşdüyü vəziyyəti də, 2016-cı il “aprel döyüşləri”ndən sonra 2020-ci il müharibəsində baş verənləri də proqnozlaşdırmışdı”.
Sfera.az xəbər verir ki bu sözləri siyasi şərhçi Asif Nərimanlı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ölkənin İctimai Televiziyasına müsahibəsini şərh edərkən deyib.
Ter-Petrosyan sözügedən müsahibədə bildirib ki, ölkəsini çətin və ağrılı qərarlar gözəyir, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq.
Mövzunu şərh edən ekspert qeyd edib ki, 44 günlük müharibədən sonra razılaşmaların icrasından yayınan Ermənistan geosiyasi şərtlərin dəyişəcəyi ümidi ilə vaxtı uzadır:
“İrəvan üçün bu şərtlərin dəyişməsi imkanları indi yaranıb, xüsusilə son sərhəd döyüşləri fonunda Qərbdə Azərbaycana qarşı müəyyən çağırışların edilməsi, Vaşinqton-Moskva qarşıdurmasında ermənilərə müəyyən yatırımların edilməsi bu perspektivi yaradır. Hərçənd, coğrafiyanın diqtə etdiyi reallıqlar uzaq Qərbin epizodik xarakterli dəstəyinin Ermənistanı xilas edə biləcəyi ehtimalını arxa plana keçirir. İrəvan Bakı və Ankara ilə anlaşmağa məhkumdur.
İndi Azərbaycan üçün risqli olan vaxtdır. Zamanın uzanması özü ilə əlavə istəkləri də gətirə, ermənilərin maraqlarının hansısa məsələdə nəzərə alınması şərtlərini yetişdirə bilər. O baxımdan, indi – Rusiya və İranın “məşğul” olduğu vaxt Ermənistan sülh sazişinə məcbur edilməlidir”.
Turan Rzayev,
Sfera.az