Pelosinin bəyanatları Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı verdiyi bəyanatlar heç bir tarixi faktlara əsaslanmır, qərəzli mövqe əks etdirir. Bu cür açıqlamalar qəbuledilməzdir”.
Bunu Türkiyə vitse-prezidenti Fuad Oktay deyib. O, həmçinin vurğulayıb ki, hazırda bölgədə sülh və sabitliyə ehtiyac var:
“Regionda daimi sülh və sabitliyə ehtiyac olan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir, haqsız şəkildə işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”.
Maraqlıdır, Pelosinin açıqlaması Türkiyə-ABŞ münasibətlərinə zərbə vura bilərmi?
Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rəsmi Ankara dəfələrlə Azərbaycanın Türkiyənin "qırmızı xətti” olduğunu bəhyan edib:
“ Əlbəttə, bunu ABŞ-da da bilirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmilər deyiblər ki, İrəvan Ankara ilə diplomatik münasibətləri normallaşdırmaq istəyirsə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Vaşinqton isə görünür, bu proseslərdə maraqlı deyil. Ehtimal etmək olar ki, Pelosinin açıqlaması həm də buna hesablanıb. ABŞ-Türkiyə münasibətləri son vaxtlar həssas mərhələyə qədəm qoyub. Ukraynadakı müharibə, F-16 təyyarələrinin tədarükü, Suriyadakı durum tərəflər arasında fikir ayrılıqları yaradır. Pelosinin bəyanatı isə şübhəsiz ki, münasibətləri daha da pisləşdirə bilər”.
Müsahibimiz Pelosinin ölkədə üçüncü şəxs olduğunu da vurğulayıb:
“Amma nə prezident Co Bayden, nə də vitse-prezident Kamala Harris son təxribatlarla bağlı Azərbaycanı ittiham edib. Daha vacib olan isə onların fikirləridir. Buna baxmayaraq, Vaşinqtonun Cənubi Qafqazdakı durumla bağlı qərəzli mövqeyinin davam etməsi Türkiyə-ABŞ əlaqələrinə təsir edə bilər. ABŞ Türkiyə üçün nə qədər vacib tərəfdaşdırsa, Ankara da bir o qədər Vaşinqtona lazımdır. Xüsusilə Rusiya ilə münasibətlərin tənzimlənməsində Türkiyə ABŞ üçün çox əhəmiyyətlidir. Bu mənada Ağ Ev regional siyasətində diqqətli olmalı, provokativ addımlardan çəkinməlidir”.
Günay Rəsulqızı