“Paşinyan bundan sonra sülh müqaviləsi imzalamayacaq” - ŞƏRH

“Paşinyan bundan sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müsbət addım atmayacaq”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, artıq Cənubi Qafqazda ABŞ-Rusiya arasında rəqabət yeni mərhələyə qədəm qoyub:
“Ermənistan hakimiyyəti təhlükəli bir tendensiya ortaya qoyub. Sülh müqaviləsindən yayınmaq və müəyyən geosiyasi şərait müstəvisində "nəyəsə" nail olmağa çalışır. ABŞ-ın isə erməni lobbisinin diktəsi ilə həyata keçirdiyi Cənubi Qafqaz siyasəti uğurlu olmayacaq. Nə qədər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamayıb, bu ölkə dalanda qalacaq. ABŞ-ın Azərbaycana sanksiyalar tətbiq etməsi istisnadır”.
Politoloq bildirib ki, Paşinyan böhranlı və mürəkkəb bir siyasət ortaya qoyub və bu, Ermənistan üçün müsbət perspektiv vəd etmir:
“Ermənistan Azərbaycanla münaqişəni davam etdirəcəksə, Azərbaycan "Zəngəzur" dəhlizinin açılmasını təmin edəcək. Rusiyanın mövqeyinə gəldikdə, Ermənistan hakimiyyəti Moskva ilə konfontrasiyaya gedir. Rusiyanın Ermənistanda ciddi nəticələrə gətirəcək resursu olsa da, Paşinyanın devrilməsi üçün lazımlı addımlar mümkün deyil. Sadəcə, Ermənistanla iqtisadi əlaqələri aşağı sala bilər. Həmçinin bu ölkəyə qaz ixracını kəskin azaldar”.
Günay Rəsulqızı