“Milonovun açıqlaması "nəbz yoxlanışı”dır” – Açıqlama

Rusiyalı deputat Vitaliy Milonov ölkə parlamentinin rəhbərinin Bakıya səfəri ərəfəsində Azərbaycanın Ermənistanla sərhəddə təxribat törətməsi ilə bağlı açıqlama verib. O, Bakının Qərbin sifarişlərini yerinə yetirdiyini bildirib.
Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyada bu cür təbliğatçılar kifayət qədərdir:
“Onlar külli miqdarda məvacib qarşılığında ideoloqluq edirlər. Nəticədə daxili ictimai rəy çaşdırılır, dövlətlərarası münasibətlərə zərbə vurulur. Əlbəttə, Azərbaycan Rusiya üçün vacib partnyordur. Bunu Kreml ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında saziş imzalanıb. Bundan başqa, şimal qonşumuzun regiondakı maraqlarının təmin olunması Bakı ilə münasibətlərdən asılıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan Ukrayna ilə Rusiya arasındakı müharibədə balanslı siyasət yeridən nadir dövlətlərdəndir:
“Bütün bunları nəzərə alsaq, deməliyik ki, Milonovun açıqlaması əslində antiAzərbaycan yox, antiRusiya xarakterlidir, dövlət maraqlarına uyğun deyil. Əlbəttə, hakimiyyətin diktəsi ilə sözügedən deputatın "nəbz yoxlaması" da istisna deyil. Amma bu ehtimal azdır. Əgər belədirsə, deməli, Rusiya Azərbaycanla münasibətlərin korlanmasına hazırdır. Bu, indiki halda ağlabatan görünmür”.
Günay Rəsulqızı