“Türkiyə KTMT-nin bu addımı atmasına imkan verməz” - Açıqlama
“Hazırda baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır. O zaman olduğu kimi, bu dəfə də təxribatlar günlərlə davam etdi və nəhayət, Azərbaycan adekvat cavab verdi”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O vurğulayıb ki, bu dəfə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) proseslərə cəlb etmək istiqamətində səylər var:
“Türkiyə KTMT-nin proseslərə müdaxiləsinə imkan verməz. Həmçinin KTMT daxilindəki türkdilli dövlətlər də buna razı olmaz. Nəzərə almaq lazımdır ki, Qazaxıstan artıq Ermənistana sülhməramlı kontingent göndərməyəcəyini bildirib. Həm də KTMT-nin proseslərə müdaxilə etməyə mənəvi haqqı yoxdur. Çünki qurum daxilində Azərbaycanın əslində özünü müdafiə etdiyini anlayan dövlətlər var”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, KTMT-də Ermənistan xaricində üzv dövlətlərin Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri var:
“Təşkilat üzvlərindən Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev avqust ayında Azərbaycana səfəri zamanı bildirmişdi ki, Azzərbaycanla strateji tərəfdaşlıq strateji müttəfiqlik səviyyəsinə qaldırılıb. Tokayev videformat çərçivəsində keçirilən müzakirədə Paşinyana bir daha xatırladıb ki, Ermənistanın Azərbaycanla mübahisəsinə qarışmayacaqlar, bunun əvəzinə sülh sazişinin imzalanmasını dəstəkləyirlər. KTMT Paşinyanı sakitləşdirmək üçün sadəcə Ermənistana ekspert qrupu göndərəcək”.
Ekspert əlavə edib ki, Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının bu gün işinə başlayan zirvə toplantısına qatılmaması KTMT üzvlərinin xoşuna gəlməyəcək:
“Azərbaycan prezidenti İlham Əliyev toplantıda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək. Halbuki Paşinyan Səmərqənddə İlham Əliyevlə görüşüb son vəziyyəti müzakirə edə bilərdi. Paşinyan bu fürsəti qaçırtdı”.
Günay Rəsulqızı






