Paşinyan devrilir? – Cəbhədəki uğursuzluq İrəvanda mitinqlərə səbəb oldu

İrəvanda Paşinyana qarşı impiçment prosedurunun başladılması tələbi ilə aksiyalara start verilib. Cəbhədəki uğursuzluqlardan və Ermənistan Baş nazirinin dünən parlamentdəki çıxışından sonra kütləvi mitinqlər başlayıb.
Hazırkı durum Nikol Paşinyanın devrilməsi ilə nəticələnə bilərmi? Proseslərin bundan sonrakı inkişaf istiqamətləri necə olacaq?
Bu suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, Paşinyanın inandığı şəxsi müdafiə naziri təyin etməsinə baxmayaraq, hələ də Ermənistan silahlı qüvvələrində mövqeyini gücləndirə bilməyib:
“İndi isə Ermənistan küçələrində son hadisələrdən sonra Nikolu istefaya çağıranlar var. Bu ölkədə ciddi siyasi sabitlik yoxdur. Paşinyan hakimiyyətə gəldiyi gündən, o cümlədən 10 noyabrdan sonra bu gərginliklərin, mitinqlərin qarşısını necə alıbsa, bundan sonra da elə alacaq. Təbii ki, əgər hansısa sui-qəsd olmasa...”
Müsahibimiz bildirib ki, Rusiya Paşinyanı devirmək istəsə də, onun yerinə uyğun adam seçə bilmir:
“Ruben Vardanyanın Qarabağa göndərilməsi boşuna deyildi. Ola bilər ki, son itkilər Paşinyanın siyasi nüfuzuna zərbə vursun. Ancaq məğlub olmuş erməni cəmiyyəti onu yenidən baş nazir seçdisə, Paşinyan bu proseslərin də öhdəsindən gələcək. Çünki Ermənistanda Paşinyana alternativ namizəd yoxdur, xalq da keçmiş revanşist qüvvələrdən bezib. Bəli, Ermənistan tərəfindən olan itkilər insanları qəzəbləndirə bilər, amma Paşinyan xaosun qarşısını ala biləcək”.
Günay Rəsulqızı