Ərdoğan kraliça ll Yelizavetanın dəfn mərasiminə qatılacaq – Kimlərlə görüşəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 18-də Böyük Britaniyaya səfər edə bilər. Ərdoğan bildirib ki, əgər proqramı uyğun olsa, o, Britaniya kraliçası ll Yelizavetanın dəfn mərasimində iştirak edəcək. Eyni zamanda sentyabrın 18-də digər dünya liderləri, o cümlədən ABŞ Prezidenti Cozef Bayden də Britaniyada olacaq.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ərdoğan fürsətdən istifadə edib bəzi hökumət və dövlət başçıları ilə görüş keçirəcək:
“Türkiyə liderinin xüsusilə Britaniyanın yeni baş naziri Liz Trasla görüşəcəyi ehtimalı böyükdür. Tərəflər Ankara ilə London arasındakı ikitərəfli əlaqələrlə yanaşı, digər regional və qlobal məsələləri, o cümlədən Ukraynadakı durumu müzakirə edə bilərlər. Doğrudur, Britaniyanın xarici siyasət kursunda ciddi dəyişiklərin baş verəcəyi gözlənilmir. Yəqin ki, Türkiyə ilə münasibətlər də olduğu templə davam edəcək. Buna baxmayaraq, ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılması hər iki tərəf üçün maraqlıdır. Bu, NATO daxilindəki əməkdaşlıq üçün də lazımdır”.
Ekspert əlavə edib ki, xarici KİV-in yazdığına görə bu ay Ərdoğanla Baydenin də görüşü gözlənilir:
“Türkiyə lideri oktyabra qədər Vaşinqtona səfər edə bilər. Həmin səfərədək liderlərin Britaniyada görüşmələri mümkündür. Hər halda prezidentlərin fikir mübadiləsi apara biləcəkləri xeyli mövzu var. Bura Ukraynada və Suriyadakı durum, F-16 təyyarələrinin tədarükü, Yunanıstanla münasibətlər və digər məsələlər daxildir. Həmçinin Ərdoğanın digər dünya liderləri ilə də görüşməsi mümkündür. Doğrudur, kraliçanın vəfatı dünya üçün böyük itkidir. Amma bu, həm də dövlət və hökumət başçılarının bir araya gəlməsi üçün fürsətdir. Yəqin ki, bəzi liderlər, o cümlədən Ərdoğan bu fürsəti qiymətləndirəcək”.
Günay Rəsulqızı