“Mübarizə artıq Kremlin daxilinə keçib” - Açıqlama

“Putinin hərbi komandanlığın nümayəndələri ilə görüşünün təxirə salınması, Kadırovun ziddiyyətli açıqlamaları göstərir ki, artıq savaş Rusiyanın, daha doğrusu Kremlin daxilinə keçib”.
Sfera.az-ın məlumatına görə, bunu politoloq Ərəstun Oruclu deyib. O, son 3 gün ərzində Rusiya ordusunun fiziki itkilər verməsi ilə yanaşı, artıq psixoloji məğlubiyyətinin də ortada olduğunu vurğulayıb:
“Dünyanın "ikinci ordusunun" əsgər və zabitləri döyüş meydanından kütləvi şəkildə qaçır. İndi Rusiyada müharibə, nəinki, Kiyevi və ya heç olmazsa Donbası tam götürmək uğrunda deyil, Kremlə sahiblənmək uğrunda gedəcək. Biz bu mərhələni 90-ların birinci yarısında keçmişik və yaxşı bilirik ki, döyüş meydanında məğlubiyyət siyasi hakimiyyət uğrunda döyüşlərə yol açır. Həmin dövrdə Azərbaycana, Gürcüstana, Moldovaya bunu yaşatmış Rusiya indi özü eyni aqibəti yaşamağa məhkumdur”.
Ekspert qeyd edib ki, bu vəziyyət Azərbaycana yaxşı heç nə vəd etmir:
“Çünki Kreml uğrunda mübarizə aparan qrupların Azərbaycandakı uzantılarının da paralel olaraq fəallaşması baş verir. Bu da sovet dövründən gələn bir növ siyasi hakimiyyət uğrunda mübarizənin ənənəsidir: öncə əyalətdə güclənmək, ardınca da Kremli ələ keçirmək. Moskvada hakimiyyət uğrunda savaşlarda iştirak edən qruplar isə təəssüf ki, bizim ölkəni də məhz əyalət kimi qəbul edirlər və ona görə də Azərbaycandakı əlaltılarına müvafiq komandalar verirlər. Bu mənada Azərbaycanda son günlər baş verənlər Kreml uğrunda mübarizə aparan əsas qrupun - Nikolay Patruşevin başçılıq etdiyi Təhlükəsizlik Şurasının yerli şəbəkəsinin əməllərinin təzahürüdür”.
Türkan