“Putin Qurbanqulu Berdıməhəmmədova orden verib, görünür...” - Açıqlama

“Kremlin Türkmənistana ehtiyacı yaranıb”.
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Rusiya Avropaya qaz nəqlini azaltmaq məcburiyyətində qaldıqdan sonra yeni bazarlar axtarmağa başlayıb və bu fonda “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bir müddət əvvəl Aşqabada gedərək ölkə rəhbərliyi ilə fikir mübadiləsi aparıb:
“Miller Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovla enerji sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə edib. Rusiya Türkmənistan üzərindən Cənubi Asiya ölkələrinə qaz nəql etmək istəyir. Bunun üçün Türkmənistannı qaz infrastukturundan istifadə ediləcək. Bu ideyanı gerçəkləşdirmək üçün yeni boru xətləri də çəkilməlidir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin keçmiş türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədova orden verib. Görünür, Putin hesab edir ki, hazırkı prezident döbləti atasının məsləhəti ilə idarə edir.
Rusiya qazının Türkmənistan ərazisindən Cənubi Asiya ölkələrinə nəqli təklifinə Aşqabadın necə cavab verəcəyi bəlli deyil. Türkmənistan özü qaz ölkəsidir və yeni bazarlar axtarır. Türkmənistan İran üzərindən Azərbaycana qaz nəql edir və türkmən qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmağa başlanıb. Avropa daha çox türkmən qazının nəqlini istəyir. Ancaq bunun mümkün olması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Bu isə Rusiya və İranın əngəllərinə görə mümkün deyil. Türkmənistanın özü də dənizin dibi ilə boru xəttinin çəkilişınə maraq göstərmir. Bu isə Rusiyanın maraqlarına cavab verir”.
Ekspert bildirib ki, Kremlin məqsədi başqa ölkələrin Türkmənistanda mövqelərinin möhkəmlənməsinə mane olmaqdır:
“Rusiya Türkmənistan üzərindən Pakistan və Hindistan bazarlarına da çıxış imkanı əldə etmək istəyir. Siyahıda Əfqanıstan da var. Digər tərəfdən bu ölkənin Türkmənistandakı səfiri Aleksandr Bloxin Avropaya qaz nəqlinin dayandırılmasından sonra Rusiya və Türkmənistan üçün əsas bazarlardan birinin Çin olduğunu deyib. Rusiyanın Türkmənistandakı səfiri Aşqabadın əvəzinə də açıqlamalar verib. Səfir demək istəyib ki, Rusiya bəlli səbəblərdən Türkmənistandan qaz ala bilməyəcəksə, hər iki ölkə qazın tamamını Çinə istiqamətləndirəcəklər. Türkmənistan onsuz da Çinə qaz ixrac edir, ancaq Aşqabad Avropa bazarına da çıxış əldə etmək istəyir. Rusiyanın səfiri isə Aşqabadı xəbərdar edir ki, “Avropa bazarını unudun”".
Günay Rəsulqızı