Ukrayna savaşında yeni mərhələ - Putin ordunu geri çəkəcək?
“Rusiya Ukrayna müharibəsində yeni proses başlayıb. Ukrayna ordusunun əks-hücumları Xarkov, İzyum və Xersonda yeni ərazilərin azad edilməsi ilə nəticələnir”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Rusiya ordusunun Ukraynanın bu hücumları qarşısında geri çəkilməsi Putinin hakimiyyətini zəiflədəcək və onu Kiyevlə danışıqlara getməyə sövq edəcək:
“Rusiya ordusu yeni birliklər yaratsa da, təşəbbüs Kiyevin əlinə keçir və növbəti aylarda Putin qoşununu 24 fevral sərhədlərinə çəkə bilər. Strateji və taktiki planda Moskva məğlubiyyətlə üz-üzədir və yeni dünya nizamında Rusiya daxilində respublikaların mərkəzdənqaçma prosesi qaçılmaz görünür. Demək olar ki, Rusiyanın bundan sonra ordusunu komplektləşdirib hücuma keçmək potensialı yoxdur. Müharibədə Rusiyanın məğlubiyyəti fonunda rus xalqının ayağa qalxıb, Putinə etiraz etməsi isə gözlənilmir. Rus xalqının Putini bağışlamamaq kimi bir lüksü yoxdur. Amma siyasi-hərbi elita bağışlamayacaq”.
Ekspert əlavə edib ki, bu ölkədə inqilabi proses gözlənilmir və siyasi-hərbi məğlubiyyət onlar üçün maraqlı deyil: “Ukrayanın qalib gəlməsi fonunda Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxacaq. Türkiyənin əhəmiyyətli təsirlərinin bu regionda artması gözlənilir. Nəticədə Ermənistan Türkiyə və Azərbaycandan asılı bir ölkəyə çevriləcək”.
Günay Rəsulqızı






