“Ermənistan konkret vəd verməlidir” - Açıqlama

“Ermənistan konkret vəd verməlidir” - Açıqlama

Avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının növbəti raundunun keçirilməsi gözlənilir.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, sərhədlərin müəyyən edilməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi mövzusu Əliyev-Paşinyan danışıqlarının prioritetlərində ön səfdə dayanacaq:

 

“Ermənistan sərhəd mövzusunda diqqətli olmalıdır, o mənada ki, iki dövləti ayıracaq zolaq boyunca hər hansı təxribatın cavabı İrəvan üçün daha sarsıdıcı ola bilər.  İlk olaraq, mütləq nəzərə almaq lazımdır ki, artıq Azərbaycanın Laçın və Kəlbəcərdəki mövqeləri Ermənistanın taktiki və strateji dərinliklərinin vizual-kəşfiyyat nəzarəti altında saxlanılmasını təmin edir. Digər tərəfdən Naxçıvanın Ermənistanla sərhəd zonasında da ordumuzun hərbi-taktiki üstünlüyünü təmin edən mövqelərdə bərkimə işləri həyata keçirilib və bu, paytaxt İrəvana doğru açılan qapıdır. İrəvan, başı üzərində Azərbaycanın açdığı strateji panoramın çəkisində artan ağırlığı hiss etməkdədir və Paşinyan danışıqlarda Azərbaycandan möhlət istəmək məcburiyyətini bir daha nümayiş etdirəcək”.

 

Ekspert bildirib ki, Paşinyan möhləti Azərbaycana qarşı vaxt uzatmaq həddinə gətirməməlidir:

 

“Buna görə də, konkret vəd verməlidir və sərhədlərin delimitasiyasından məqsədyönlü yayınmayacağını bildirməlidir. Paralel olaraq isə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinin inşasına, qrafikinə dair cədvəli təqdim etməlidir.  Əliyev-Paşinyan danışıqlarının xarakteristikası və bunun nəticələri Azərbaycanın xeyrinə doğru sürətlə dəyişən başqa prosesləri vəcdə gətirəcək.  Çünki Paşinyan danışıqlarda sonrakı gedişatlar üçün zahiri parıltıda görünəcək güzəştlərdən başqa, Azərbaycanın əlinə digər strateji imtiyazlar vermək məcburiyyətində qalacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR