“Paşinyanın çirkin planları var” – Rusiyalı politoloq nəyə işarə vurur?

“Paşinyanın çirkin planları var” – Rusiyalı politoloq nəyə işarə vurur?

Rusiyalı politoloq Vitali Arkov Ermənistanın Baş naziri Nikol Paşinyanın çirkin planlarının olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi mütəmadi olaraq üzərinə götürdüyü öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınmağa çalışır:

 

“Bu aspektdə Moskvanın Azərbaycan tərəfinə heç zaman sualları yaranmır. İndi qəribə vəziyyət müşahidə edirik. Laçın rayonunun Azərbaycanın nəzarətinə qaytarılması barədə razılaşmaların planlı şəkildə həyata keçirilməsi gedir, rəsmi İrəvan guya buna mane olmur, amma müxalifət buna qarşı çıxır və hər vəchlə mane olmağa çalışır. Aydındır ki, bu yalnız Qarabağ klanının “çirkin” işləridir. Amma biz gizli işlər çevirməyə cəhd edən erməni qüvvələrini də görürük, açıq desək, bunlara Baş nazir Nikol Paşinyanın ətrafı nəzarət edir. Demək ki, bu qara işlərə rəsmi İrəvan hansısa mənada kömək də edir”.

 

Rusiyalı politoloqun söylədiklərini Sfera.az-a dəyərləndirən beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidovun fikrincə, Rusiya ikibaşlı siyasət yürütməklə bütün məsuliyyəti Ermənistanın üzərinə atamağa çalışır.

 

Ekspert qeyd edib ki, Laçının tam şəkildə geri qaytarılması 10 noyabr üçtərəfli bəyanatının maddələrinə uyğundur:

 

“Paşinyan da dəfələrlə çıxışlarında söyləmişdi ki, Laçın dəhlizi əvvəl-axır Azərbaycana verilməlidir. Düşünmürəm ki, Paşinyan  müxalifəti alovlandırmaq üçün gizli işlərə əl atsın. Arkov Paşinyanın etibarlı şəxs olmadığını gündəmə gətirməyə çalışır. Çünki Baş nazir bir tərəfdən Rusiya ilə yaxın təmaslar həyata keçirsə də, digər tərəfdən Qərblə də sıx münasibətdədir. Onun Avropa Birliyi ilə təmasları, onlardan yardım istəməsi, Rusiyanı Paşinyana şübhəli yanaşmağa vadar edir”.

 

S.Zahidovun qənaətincə, xüsusilə 44 günlük müharibədən sonra Paşinyanın mövqeyi 180 dərəcə dəyişdi, o, Rusiyanın “qılıncı” altından keçdi:

 

“Bu gün də görürük ki, Putinlə Paşinyan arasında mütəmadi olaraq telefon danışıqları olur. Bu baxımdan Ermənistan Baş naziri hazırda Rusiyanın əleyhinə gizli işlər görəcək imkanlara malik deyil. Fikrimcə, Arkov bu cür bəyanatla “top”u tam olaraq Ermənistan tərəfə atmaq istəyir. Məlum məsələdir ki, regiondakı vəziyyətin hələ də sabit hal almamasına, üçtərəfli bəyanatın maddələrinin yerinə yetirilməməsinə görə, günahkar tərəflərdən biri kimi  Rusiya görülür. 10 noyabr üçtərəfli bəyanatın maddələrindən birinə görə, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri çıxarılmalı idi, amma bu, baş vermir. Rusiya sülhməramlıları da göz yumurlar. Rusiya da politoloqlarını irəli ataraq əslində günahın onlarda yox, Ermənistanda olduğunuu göstərməyə çalışır. Ancaq fakt odur ki, Rusiya bu günə kimi Ermənistan üzərində lazımi şəkildə təzyiq və təsir metodlarından istifadə etməyib və erməni silahlı qruplarının Qarabağdan tamamilə çıxarılmasına şərait yaratmayıb. Bu mənada Laçın dəhlizinin Azərbaycana qayıtması bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcək haldır. Amma Rusiyanın da sabitləşdirici rolu artmalıdır. Rəsmi Moskva “Parçala və hökm sür” siyasətindən vaz keçməli və Ermənistan üzərində effektiv təzyiq mexanizmlərini tətbiq etməlidir”.

 

Yeganə

 


OXŞAR XƏBƏRLƏR