ABŞ dövlət katibi Qafqaz üzrə baş məsləhətçi təyin etdi - Filip Rikerin missiyası nə olacaq?

ABŞ dövlət katibi Qafqaz üzrə baş məsləhətçi təyin etdi - Filip Rikerin missiyası nə olacaq?

ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. O, qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir:

"Səfir F.Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək".

 

Sözügedən təyinat artıq sosial mediada müzakirələrə səbəb olub və “ATƏT-in Minsk qrupunun dirçəldilmə cəhdləri” kimi təqdim olunur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov vurğulayıb ki, Filip Riker həm də ABŞ dövlət katibinin, yəni Blinkenin köməkçisidir:

 

“Bu təyinat ABŞ-ın Qafqazda gedən proseslərlə bundan sonra daha ciddi məşğul olacağına dəlalət edir. Yeni təyin olunan baş məsləhətçi Qafqaz məsələlərində heç də yeni deyil. Uzun müddətdir ki, regionda gedən proseslərdə onun təmsil etdiyi dövlətlə birlikdə adının tez-tez hallandığını görürük. Amma onun təyinatının ABŞ-ın Minsk Qrupunun fəaliyyətinin dirçəldilməsinə dəstək kimi qiymətləndirmək heç də düzgün olmazdı. Çünki Minsk Qrupunun həmsədrləri içində həm də Rusiya var və Rusiya elə ABŞ və Fransanın ciddi təkidi ilə bu qrupun fəaliyyətində iştirak etmir. Minsk Qrupunun Rusiyasız fəaliyyət göstərəcəyi məntiqə sığmır”.

 

Müsahibimiz deyib ki, dünyanın aparıcı dövlətləri ATƏT-in Minsk Qrupu ilə bağlı Azərbaycanın, prezidentimizin mövqeyini qəbul etmək məcburiyyətindədir:

 

“Onlar regionda gedən proseslərə məhz Azərbaycan prizmasından baxmağın daha faydalı olduğunu qəbul ediblər. Ona görə də düşünürəm ki, ABŞ dövlət katibi məhz Azərbaycanla razılaşdırdıqdan sonra öz köməkçisini Qafqaz üzrə baş məsləhətçi təyin edib. Digər tərəfdən Filip Riker Cənubi Qafqaz, yaxud Azərbaycanla Ermənistan üzrə deyil, Qafqaz üzrə baş məsləhətçi təyin olunub. Deməli, onun səlahiyyət dairəsi daha genişdir - buraya Şimali Qafqazda olan Çeçenistan, Dağıstan, İnquşetiya kimi Rusiya üçün Qarabağdan daha təhlükəli olan respublikalar daxildir. Bu təyinat həm də Rusiyanın yaxın gələcəkdə Şimali Qafqazda yerləşən respublikalarla ciddi problemlərinin olacağına işarədir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR