Yerevanda bomba həyəcanı – Düşmən ölkəni kim(lər) və niyə qarışdırır?

Ermənistanda vəziyyət gərgin olaraq qalmaqdadır. Son günlər baş verən hadisələr isə daxili durumu bir qədər də ağırlaşdırıb. Buna səbəb İrəvanda mülki və hərbi obyektlərə bomba qoyulması məlumatlarının yayılması və "Sürməli” ticarət mərkəzində baş vermiş partlayışdır.
Ötən həftənin bazar günü Ermənistan Fövqəladə Hallar Nazirliyinə bir sıra obyektlərə bomba qoyulması ilə bağlı xəbər daxil olub. Daxil olan məlumatda İrəvan metropoliteninin bütün stansiyalarına, bütün hərbi və mülki obyektlərə, ticarət mərkəzlərinə, zoopark, parlament binası, Qriqor Lusaroviç kilsəsinə bomba qoyulduğu bildirilib. Əraziyə xilasedicilər, mütəxəssislər cəlb edilib.
Gərginliyə səbəb olan digər bir hadisə - İrəvanın “Sürməli” topdan satış bazarında baş vermiş partlayış və yanğın nəticəsində xəsarət alanların və ölənlərin sayı da ciddi narahatlıq doğurur. Ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumatda hadisə nəticəsində 61 nəfərin xəsarət aldığı, ölənlərin sayının isə 6 nəfərə çatdığı bildirilir.
İstər beynəlxalq KİV-lər, istərsə də yerli erməni mediası baş verənlərdə hansısa maraqların olduğunu istisna etmir.
Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, Ermənistandakı proseslərin arxasında başqa məqsədlərin dayandığını indidən güman etmək olar. Onun sözlərinə görə,bu gün Ermənistanda baş verən proseslərin arxasında siyasi güclərin və revanşistlərin dayanma ehtimalı kifayət qədər böyükdür:
“Hesab edirəm ki, İrəvanda baş verən yanğın və partlayışın birbaşa hansısa təbii fəlakət və ya məsuliyyətsizlik nəticəsində baş verməsi ilə bağlı Paşinyan hakimiyyətinin açıqladığı informasiya reallığı əks etdirmir. Fikrimcə, hazırda Ermənistanda ölkə hakimiyyətinə qarşı revanşistlər ciddi şəkildə dəstəklənirlər. Yay ayları başlamazdan öncə revanşistlərin uzunmüddətli aksiyaları və aylarla davam edən mitinqləri hansısa bir nəticə doğurmadı. Ona görə də gözlənilirdi ki, Ermənistanda Köçəryan və ona bağlı olan komandalar, milliyətçi və daha faşist mövqeyi olan siyasi müxalif kəsimlər ölkə daxilində qarışıqlıq yaradaraq növbəti xaosu formalaşdırmağa çalışacaqlar”.
Politoloq qeyd edib ki, ölkə hakimiyyətinin yekdil siyasət yeritməməsi, Paşinyan komandasının həm daxili, həm də xarici siyasət kursunda normal, vahid ictimai-siyasi və iqtisadi mövqeyinin olmaması sadaladığımız problemlərin ortaya çıxmasına səbəb olur:
“Ona görə də Ermənistandakı hadisələri müəyyən qədər daxili çəkişmələr nəticəsində törədildiyi ehtimallarını da güman edirəm. Hətta Ermənistanın hüquq-mühafizə orqanları orada baş verən proseslərdə hansısa faktlar tapsa belə, düşünmürəm ki, bunu Ermənistanın daxili auditoriyasına ünvanlaya bilsinlər. Bütövlükdə proses hələ uzun müddət davam edə biləcək və nəticədə ölkə daxilində tez-tez bənzər təxribatlar törənə bilər. Bütün bunlar isə nəticədə Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlmiş addımlardır. Lakin istənilən halda, Ermənistanda hakimiyyətin belə tez, qısa bir zamanda hansısa formada devriləcəyini və dəyişəcəyini güman etmirəm”.
Yeganə