"Payızda Ermənistanda daxili mübarizə qızışacaq" – Natiq Cəfərli
“İrəvandakı partlayışın rəsmi səbəbi kimi pirotexnika anbarında baş verən yanğın göstərilib - ola bilər. Amma son zamanlar Ermənistanın daxili siyasətində baş verən hadisələr, Paşinyanın Rusiyaya, Qarabağda yerləşən "rusməramlılara" qarşı sərt çıxışı, işğal etdikləri Laçından və ətraf kəndlərdən çıxmaq məcburiyyəti bu tipli hadisələrin təsadüf olması ehtimalını xeyli azaldır”.
Sfera.az bildirir ki, bunu REAL-ın icraçı katibi Natiq Cəfərli deyib. O qeyd edib ki, payızda Ermənistanda daxili mübarizə qızışacaq:
“Əgər hakimiyyət dəyişikliyi baş versə və yeni gələn hakimiyyət danışıqları yenidən, sıfırdan başlamağa qərar versə, o zaman Azərbaycanın müasir vasitələrdən istifadə etməklə anti-terror əməliyyatları arta bilər. Bu addımlar öncəki anlaşmaların yerinə yetirilməsinə qədər davam etməlidir. Amma paralel olaraq Azərbaycan hökuməti erməni əsilli azərbaycanlıların ölkənin sosial, iqtisadi, siyasi həyatına inteqrasiyası üçün "yol xəritəsi" açıqlamalıdır”.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda vətəndaşların haqq və azadlıqları təmin edilməlidir ki, erməni əsilli azərbaycanlılar da bunu görsünlər:
“Bu haqq-azadlıqlar ilk növbədə seçki, söz və iqtisadi azadlıqların təminatı ilə mümkün və inandırıcı olmalıdır. Bu, ermənilərə görə deyil də, məmləkətin rifahı, inkişafı üçün lazımdır”.
Türkan






