"Revanşist qüvvələrin bu kimi təxribatları Nikol Paşinyana mesajdır” - Politoloq

“Ötən gün Ermənistan paytaxtındakı bazarda partlayış və metro stansiyalarına bomba qoyulması barədə zənglərin artması revanşist qüvvələrin hakimiyyətə qarşı təxribatı ola bilər. Revanşist qüvvələrin bu kimi təxribatları Nikol Paşinyana mesajdır”.
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bir müddət bundan əvvəl radikal “Sasna Tsrer” təşkilatının sədri Jiryar Sefilyanin N. Paşinyan əleyhinə xalqın toparlanmasına çağırış etmişdi:
“Məhz “Sasna Tsrer” təşkilatı Azərbaycanla razılaşmaya cəhd edən siyasilərə qarşı silaha əl atılmasını mümkün sayır. Qeyd edim ki, Jiryar Sefilyan radikal və terrorçu siyasi baxışlara malikdir. 2016-ci ildə aprel döyüşlərindən sonra tərəfdarları ilə birlikdə silahlanaraq polis idarəsini tutmuşdu. Eyni analoji halın N. Paşinyana qarşı edilməsi də istisna deyil.
Məhz İrəvan mərkəzi bazarındakı partlayışın dərəcəsi və miqyasına fikir verdikdə, bunun heç də təhlükəsizlik qaydalarının pozuntusu kimi baş verməsi istisnadır. Bu, N. Paşinyana qarşı əhalinin etirazını təşkil etmək və bununla siyasi hərəkat formalaşdırılmasıdır. Belə bir partlayışların digər strateji obyektlərdə baş verməsi mümkündür. N. Paşinyan təhlükəsizlik tədbirlərini gücləndirməsə, hakimiyyətinə qarşı real təzyiqlər ediləcək”.
Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin Azerbaycanla əlaqələrini normallaşdırmaq siyasətinə qarşı terror təxribat halları davamlı olacaq:
“Çünki Ermənistanda siyasi partiya və təşkilatlar, ideoloji olaraq uzun illərdir Azərbaycana qarşı düşmənçilik siyasəti aparır və hər hansı bir sülh çağırışları bu qüvvələr tərəfindən qarşısı alınır. N. Paşinyana daxili təzyiqlər və bu kimi təxribatların baş verməsi Azərbaycanla sülh sazişinin bağlanmasından yayındıra bilər. Bu qüvvələrin də əsas strateji planı bundan ibarətdir.
N. Paşinyan daxili sabotajçıları neytrallaşdırsa, bu, onun hakimiyyətinin güclənməsinə gətirəcək. Daxili etirazlardan çəkinib Azərbaycanla sülhü deyil, qarşıdurmanı seçərsə, hakimiyyətdə qalmayacaq. Təxribat qrupları da onun Azərbaycanla toqquşmasında maraqlı görür. Ermənistan hakimiyyəti üçün gələcək aylarda iki yol var, Azərbaycanla qarşıdurma, ya da sülh. Azərbaycan iki varianta hazırdır. Ermənistan rəhbərliyinin isə yalnız çıxış yolu sülhdədir”.
Turan Rzayev