Rusiya üçün yeni kabus: “Döyüş meydanı Krıma keçərsə..”

Rusiya üçün yeni kabus: “Döyüş meydanı Krıma keçərsə..”

“Tərəflərdən biri avqust və qismən də sentyabrın əvvəllərində uğur əldə etməlidir ki, ardınca atəşkəsə razılaşsınlar”.

Sfera.az bildirir ki, bunu politoloq Ərəstun Oruclu deyib. O bildirib ki, söhbət ilk növbədə qarşıdan gələn mərhələdə taktiki uğur əldə edə biləcək tərəfin atəşkəsə razılaşmasından gedir və itki verəcək tərəfin buna razılaşacağı hələ çox ciddi sualdır:

 

“Tərəflərin hədəfləri də az-çox bəllidir: Ukrayna tərəfi savaşın Rusiyanın daxilinə və ya nəzarətində olan ərazilərə keçməsinə çalışır, Rusiya isə əlindəki bütün vasitələrlə həm Ukraynanı, həm də onu dəstəkləyən beynəlxalq koalisiyanı şantaj edir. Ukrayna bunu Krımda, Rusiya isə Zaporojyedə edir. Tərəflərin taktikası da eynidir - Rusiya Zaporojye AES-nın, Ukrayna isə Saki aerodromunun raket atəşinə tutulmasına görə məsuliyyəti üzərinə götürmür. Əslində, ikinciyə ehtiyac da yoxdur və Rusiyanın rəsmi  izahı  Ukraynaya vəziyyətdən çıxmağa kömək edir. Kiyev üçün əsas nəticələrdir. Nəticələr isə bunlardır: Ukrayna şəhərlərinə aviazərbələr endirilməsi üçün istifadə olunan mühüm aerodromlardan biri oradan qalxan təyyarələr və helikopterlər daxil olmaqla məhv edilib. Müxtəlif mənbələrə görə bu, 9-17 təyyarə və 1-7 helikopterdir. Müharibə addım-addım Rusiyanın nəzarətində olan ərazilərə keçir; Savaş başlayandan hücum mövqeyində olan, bu səbəbdən də müdafiə üçün müvafiq taktikaya və zəruri istehkamlara malik olmayan Rusiya ordusu Ukraynanın hücuma keçəcəyi halda ağır məğlubiyyətlə üzləşə bilər; Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri çox zəif təşkil olunub. Baxmayaraq ki, Moskva Krımın müdafiəsi üçün hələ 2-3 il əvvəl S-300 zenit-raket komplekslərini (ZRK) yeni, daha müasir S-400 ZRK ilə əvəzlədiyini bəyan etmişdi; Avropada ən böyük nüvə stansiyası olan Zaporojye AES-i atəşə tutmaqla Moskva nüvə şantajına əl atır ki, bunun da cavabı təkcə Ukraynadan gəlməyəcək”.

 

Ekspert həmçinin bildirib ki, Krımda əhali arasında artıq panika başlayıb və məlum Krım körpüsü vurulacağı halda panika daha ciddi sferaya keçə bilər:

 

“Bütün bunların nəticəsində əksəriyyətin Donbas və Xerson istiqamətlərində gözlədiyi həlledici döyüş kütləvi diversiyalar və dəqiq zərbələr şəklində Krımda baş tuta bilər. Bu da istənilən müharibə üçün mühüm amillərdən biri olan psixoloji üstünlüyün Ukraynanın tərəfində möhkəmlənməsinə səbəb olardı.   Bunların hamısı ehtimallardır. Amma hər bir ehtimal özünü doğrulda bilər.  O cümlədən də Rusiya-Ukrayna savaşında növbəti və bəlkə də həlledici döyüş meydanının Krım ola biləcəyi ehtimalı. Həm də ona görə ki, Krımın hətta qismən itirilməsi və ya nəzarətdən çıxması Moskva üçün Qara dəniz bölgəsində onsuz da kövrək və nisbi olan dominantlığın itirilməsi olardı. Bu isə müasir geosiyasi mübarizənin əsas hədəflərindəndir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR