Ərdoğan-Əliyev görüşündə nələr müzakirə ediləcək? - Açıqlama
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yollanıb. Ölkə başçısı və birinci xanım Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Səfər barədə fikilərini Sfera.az-la bölüşən politoloq Əhəd Məmmədlinin fikrincə, səfər Azərbaycan Prezidentinin yalnız Konyada keçirilən oyunu izləmək məqsədi daşımır.
Onun sözlərinə görə, Ərdoğan-Əliyev arasında eyni zamanda Qarabağ məsələsi və Soçidəki görüş barədə fikir mübadiləsi aparılacaq:
“Bundan sonra Azərbaycanla Türkiyənin istər Qarabağ cəbhəsində, istərsə də digər məsələlərdə birgə addımları müzakirə ediləcək. Türkiyə-Azərbaycan müttəfiq ölkələrdir və dünyada ikinci belə bir müttəfiq dövlətlər yoxdur. Düşünürəm ki, bu müttəfiqliyin istər siyasi, istər iqtisadi, istərsə də hərbi məkanda daha da genişlənməsi barədə söhbətlər aparılacaq.
Türkiyə və Azərbaycandakı rəsmiləri anlayırlar ki, delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi və Laçın yolu məsələsini tez bir zamanda həll etmək lazımdır. Qardaş ölkə məhz bu məsələlərdə Azərbaycanın yanındadır. Türkiyə Prezidenti də bu məsələlərin gecikmədən, 2022-ci ildə həll edilməsinin vacib olduğunu düşünür”.
Yeganə






