Əliyevlə Mişelin telefon danışığının PƏRDƏARXASI: İrəvana hansı mesaj verildi?
Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhi Asif Nərimanlı bildirib ki, sözügedən söhbət zamanı iki məqam xüsusi vurğulanıb:
“Birincisi, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin torpaqlarımızdan çıxarılması - Bu, Bakının erməni ordusunun qalıqlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” adı ilə fəaliyyət göstərən terror qruplarının da tərkisilah edilməsi tələbindən çıxış etdiyi deməkdir.
İkincisi, Laçın dəhlizinə alternativ yolun inşasının və tikinti işləri başa çatandan sonra sülhməramlıların bu yola dislokasiya olunacağının Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılmasıdır. Laçın dəhlizinin alternativ yola köçürülməsinə qarşı çıxan rəsmi İrəvan bunu “üçtərəfli bəyanata əsasən Ermənistan alternativ yolun tikintisinə dair heç bir plana razılıq verməyib” iddiası ilə əsaslandırır”.
Ekspertin fikrincə, prezident İlham Əliyev Mişel vasitəsilə İrəvana mesaj verir ki, məsələ Rusiya ilə razılaşdırılıb və bu məsələdə Ermənistana heç bir pay düşmür:
“Azərbaycan öz ərazisində hansısa addımını Ermənistanla razılaşdırmamalıdır”.
Günay Rəsulqızı