Rəsmi Tehranın aqressiv siyasətə üstünlük verməsinin SƏBƏBLƏRİ
“İbrahim Rəisinin hakimiyyətə gəlişindən sonra İran xarici siyasətində sərt xətt tərəfdarları xüsusilə güclənib. Mühafizəkar hakimiyyət İranın bölgədə sərt siyasi kurs tətbiqini zəruri hesab edir”.
Sfera.az bildirir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. O qeyd edib ki, İranın Qafqaz, Orta Şərq və müəyyən mənada Mərkəzi Asiyada sərt siyasətə ciddi üstünlük verməyə başladığı artıq aydın görünür:
“Çünki İranın bu regionlarda təsir imkanlarını qorumaq və artırmaq üçün ən effektiv vasitəsi aqressiv siyasət aparmaqdır. Bundan başqa, Qarabağ müharibəsindən sonra Qafqazda güc balansı çox ciddi mənada İranın əleyhinə dəyişib. Azərbaycan Qarabağ problemini həlli etmək üzrədir, Ermənistan Türkiyə üzərindən Qərbə meyllənir, Rusiya Qafqazda daha da fəallaşır, Türkiyə regionda gücünü artırıb. Rusiya ilə Türkiyə arasında Qafqazda artan əməkdaşlıq İranı ciddi şəkildə narazı salıb.
Xüsusilə Qarabağ probleminin həlli İran üçün Güney Azərbaycan məsələsini aktuallaşdırıb. Orta Şərq və Mərkəzi Asiyada da İranın ciddi problemləri var. Digər tərəfdən, İran Ukrayna böhranı ilə strateji mənzərənin onun sərt siyasi kurs izləməsinə uyğun olduğunu düşünür. Üstəlik Tayvan məsələsi ilə qlobal vəziyyət İran üçün daha da uyğun konyektura yaradıb. Bu amillər işığında xüsusilə bir neçə aydır, İranın Azərbaycan siyasətində sərtləşmələr başlayıb”.
Ekspert bildirib ki, bu sərtləşmələrin həm dozu, həm də ardıcıllığı daha da artaraq davam edəcək: “Bu prosesin dünyanın ən ciddi dövlətlərindən olan Birləşmiş Krallığının paytaxtı Londonda baş verməsi isə diqqəti cəlb edən bir başqa məqamdır”.
Günay Rəsulqızı