Ermənistan sülh müqaviləsindən niyə yayınır? – “Paşinyan Putinin “ordudakı kölgə"sindən qorxur”

Ermənistan sülh müqaviləsindən niyə yayınır? – “Paşinyan Putinin “ordudakı kölgə

“Ermənistanın Azərbaycanla danışıqlar prosesindən yayınması növbəti hərbi eskalasiyaya səbəb olmayacaq. Baş nazir Nikol Paşinyan hazırda Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır. Türkiyə ilə münasibətlər normallaşarsa, İrəvan Azərbaycanla ikitərəfli masa ətrafında əyləşəcək. Ankara bu istiqamətdə Ermənistan hakimiyyəti ilə danışıqlar aparacaq”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O, xatırladıb ki, N. Paşinyan hazırkı mərhələdə Brüssel danışıqlarından çəkinir və Kremlin ordu daxilində mövqeyindən çəkinərək sülh anlaşılmasına getmir:

 

“N.Paşinyan ölkə daxilində Rusiya bağlı müxalifəti zəiflətmək və ordu daxilində təmizləmələr siyasəti həyata keçirməyə çalışır. Ordu daxilində Rusiyaya bağlı qrup qalmaqdadır və onlar Qarabağ klanına dəstək verə bilərlər. N. Paşinyanın bütün cəhdlərinə baxmayaraq daxildən və xaricdən olan təzyiqlər onu Brüssel formatında əldə olunmuş razılaşmaları yerinə yetirməməyə sövq edir. Ona görə də N. Paşinyan daxildə ordunun müəyyən qrupunun siyasətə təsirini zəiflədəcək və müxalifətin imkanlarını parçalayacaq”.

 

Ekspert düşünür ki, rəsmi Bakı N. Paşinyanın son siyasətini yaxından izləməlidir:

 

“İrəvan Ankara ilə yaxınlaşaraq daxildə müxalifəti zəiflədib Azərbaycanla sülhə nail olmağa çalışacaq. Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb və həssasdır. Müxalifətin etirazları fiaskoya uğradığına görə, "B" planı işə salınıb, Türkiyə ilə sülh anlaşılmasının qarşısını almaq üçün hərbi çevrilişə cəhd oluna bilər”.

 

Politoloqun sözlərinə görə, Ermənistanla siyasi-hərbi müstəvidə Prezident İlham Əliyevin əsas strateji planı sülhə nail olmaq və Ermənistanı buna məcbur etməkdir:

 

“Hətta Ermənistan və Azərbaycan liderlərinin birbaşa telefon danışıqlarına da ehtiyac var. İkitərəfli telefon diplomatiyası bir çox məsələləri yoluna qoya bilər. İkitərəfli danışıqlarda Ermənistan Qarabağ iddiasından geri çəkiləcək və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması mümkün olacaq. Növbəti aylardan Ermənistan-Azərbaycan münasibətlərinə aydınlıq gələcək”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR