“Azərbaycan Naxçıvanın statusunu dəyişdirə bilməz” - “Türkiyə və Rusiya...”

“Azərbaycan Naxçıvanın statusunu dəyişdirə bilməz” - “Türkiyə və Rusiya...”

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Azərbaycanda konstitusiya dəyişikliyi referendumu keçiriləcəyi, Naxçıvanın muxtariyyətinin ləğv olunacağı ehtimalı irəli sürüb.

 

Ana qanuna görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Muxtariyyət həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Status Rusiya ilə Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il) və Türkiyə ilə Azərbaycan, Ermənistan, Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il) ilə rəsmiləşib. Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub. Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib.

 

1923-cü ildə Naxçıvan Muxtar Diyarı, 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb, 1990-cı ildən bölgə indiki adı daşıyır.

 

Azərbaycan Respublikasının Naxçıvanın muxtariyyətini ləğv etməyə hüququ varmı? Moskva və Qars müqavilələri buna imkan verirmi?

 

Novator.az-ın suallarını cavablandıran tarix elmləri doktoru, siyasətçi Cəmil Həsənli bunları deyib: “Azərbaycan birtərəfli qaydada nəinki Naxçıvanın statusunu ləğv edə bilməz, heç onu dəyişdirə də bilməz. Naxçıvanın statusunu dəyişmək üçün Azərbaycanda konstitusiya referendumu keçirmək yetərli deyil. Bunun üçün Moskva və Qars müqavilələrinin müvafiq maddələri ləğv edilməli, həmin maddələri təsdiqləmiş Türkiyə və Rusiya zaminlik hüquqlarından imtina etməlidir. Məsələ kifayət qədər mürəkkəbdir.

 

Yeri gəlmişkən, ermənilər daim Moskva və Qars müqavilələrini ləğv etmək üçün mübarizə aparırlar. Həmin müqavilələr genişlənmə arzularında onların əl-qolunu bağlayır. Ötən əsrin 80-90-cı illərində Dağlıq Qarabağın başına gələnlər ona görə Naxçıvanın başına gəlmədi ki, bu status vardı, Moskva və Qars müqavilələrinin müvafiq maddələri vardı, bu maddələrə təminatçılardan biri kimi Türkiyə vardı.

 

1920-ci ildə Azərbaycanın sovet hökuməti Zəngəzurla yanaşı faktiki olaraq Naxçıvanı da Ermənistana peşkəş etmişdi. Yalnız türk diplomatiyasının regiondakı fəaliyyəti və Moskva danışıqlarında sərt mövqeyi nəticəsində Naxçıvanı xilas etmək mümkün oldu. 1921-ci ilin Moskva və Qars müqavilələri ilə Naxçıvanın əbədi olaraq Azərbaycanın himayəsində saxlanması siyasi cəhətdən təsdiqləndi və bölgə beynəlxalq status aldı”.

 

Cəmil Həsənli Naxçıvanın statusunun dəyişdirilməsinə cəhdlər göstərildiyini, ancaq bunların heç birinin baş tutmadığını vurğulayıb: “1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvanın statusunu dəyişmək istəyəndə Türkiyə SSRİ-yə nota verərək bunun qarşısını alıb.

 

1945-ci ildə Sovet İttifaqı Türkiyəyə torpaq tələbləri irəli sürəndə Naxçıvanın Türkiyə ilə sərhədindəki ərazilərin Ermənistana keçməsi planı olub. Alınmayıb.

 

1965-1966-cı illərdə Ermənistan rəhbərliyi Sovet İttifaqı rəhbərliyinə müraciətində Naxçıvanın Ermənistana verilməsi məsələsini qoyub, ancaq buna razılıq olmayıb”.

 

Tarixçi alim sonuncu dəfə Naxçıvanın muxtariyyətinin ləğvi təklifinin 1992-ci ildə, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanı səsləndiyini xatırladıb: “Məmurlardan biri muxtariyyətin ləğvi təklifi ilə çıxış etmişdi. Mütəxəssislər məsələni araşdıranda məlum oldu ki, Naxçıvanın statusu beynəlxalq müqavilələrlə tənzimlənir, onu dəyişmək və ləğv etmək həm siyasi baxımdan, həm də Naxçıvanın təhlükəsizliyi baxımından ciddi fəsadlar verə bilər. Ona görə prezident Əbülfəz Elçibəy buna getmədi. Göründüyü kimi, Naxçıvanın statusunun dəyişdirilməsinin bir sıra ön şərti var. Əvvəlcə onlar təmin edilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...