Düşmən Kəlbəcəri niyə atəş altında saxlayır? - Rusiyanın "Kalaşnikov" dili ilə demək istədikləri
İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabit olsa da, son zamanlar cəbhənin müxtəlif cinahlarından, xüsusilə Kəlbəcər istiqamətindən atəşkəsin tez- tez pozulması diqqət çəkir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar cəbhənin müxtəlif istiqamətlərindən atəşkəsin tez-tez pozulmasına dair müxtəlif variantlar var:
“İlk ağıla gələn Rusiya faktorudur. Ola bilsin, Kreml başının müharibəyə qarışması fonunda Cənubi Qafqazda Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqənin normallaşmasını görür və buna görə narahatlıq keçirir. Odur ki, "Qarabağ klanı"nın vasitəsilə regiondakı etimad mühitinə zərbə vurmaq istəyir.
İkinci bir tərəfdən, Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan bir neçə dəfə dolayısı yolla olsa belə, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Bəlkə də Ermənistan iqtidarı digər əraziləri, o cümlədən Xankəndini də Azərbaycana vermək üçün lazımi şərait yaradır. Yəni gələcəkdə döyüşlər başlasa, Paşinyan özünə bəraət qazandırmaq üçün deyəcək ki, torpaqları mən vermədim, hərbi əməliyyatlar nəticəsində aldılar. Hərçənd bu ehtimal o qədər real görünmür. Birinci versiya daha ağlabatandır.
Səbəbin nə olmağından asılı olmayaraq, Prezident İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun verdiyi mesajlar, xəbərdarlıqlar növbəti antiterror əməliyyatının başlanacağı barədə ehtimalları gücləndirir. Əslində indi bunun üçün doğrudan da, münbit şərait yaranıb. Odur ki, yaxın gələcəkdə növbəti antiterror əməliyyatlarının şahidi ola bilərik”.
Turan Rzayev