“Bunlar sülh müqaviləsinin bağlanmasından sonra mümkündür…” - Politoloq
“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə sülh müqaviləsinin bağlanmasından sonra baxılmalıdır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və bitmiş Qarabağ məsələsini gündəmə gətirməməlidir:
“Ermənistan Qarabağda etnik ermənilərin hüquqları və təhlükəsizliyini qabardacaqsa, sülh danışıqları mümkün olmayacaq. Nikol Paşinyan əlbəttə, reallıqlarla barışacaq. Bundan əlavə, Laçın dəhlizindən alternativ yolun çəkilməsi, burada Azərbaycanın sərhəd və gömrük postunu qoyması mütləqdir. Bununla Rusiyanın əl-qolunu bağlamış olacağıq. Çünki, Qarabağda silahlı ermənilərin lojistikası və burada daimi qalmasını Rusiya həyata keçirir”.
Ekspert qeyd edib ki, Ermənistanın hər hansı Azərbaycana təzyiq edəcək mövqeyi sıfıra bərabərdir və prezident İlham Əliyevin Rusiyanın bu addımlarını neytrallaşdırması mümkündür:
“Əsas proseslər qarşıdadır. Brüssel və Moskva arasında Cənubi Qafqazda rəqabət uğrunda mübarizə gedir. Moskva deastiblizasiyada, Brüssel isə, sabitlikdə maraqlıdır. Məhz Avropa İttifaqının prezidenti Şarl Mişelin prezident İlham Əliyevə zəngi əldə olunan razılışmaların praktiki həllini özündə ehtiva edir. Ankara prosesdə yer alaraq Moskvanı neytrallaşdıranda Brüsselin vasitəçiliyi baş tutacaq”.
Günay Rəsulqızı