Türkiyə Ermənistanla anlaşdı, quru sərhədləri açılır – Nə baş verir?

Türkiyə Ermənistanla anlaşdı, quru sərhədləri açılır – Nə baş verir?

Ötən gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib. Tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  iki ölkə arasında quru sərhədlərin açılması barədə razılıq təkcə Türkiyə və Ermənistanın özü üçün yox, bütünlüklə region, o cümlədən Azərbaycan üçün əhəmiyyətlidir:

 

“Məsələnin təkcə siyasi deyil, eləcə də, iqtisadi perspektivi var. Dediyimiz kimi, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə etməliyik. Bu, yalnız Bakı ilə Ankaraya yox, həm də İrəvana aiddir. Məlumdur ki, Baş nazir Nikol Paşinyanın regionla bağlı xarici siyasətindəki  tərəddüdün əsas səbəbi Kreml faktorudur. Bəzi hallarda İrəvan hansısa addımları Moskvadan qorxduğuna görə atmır. Bəzən isə şimal qonşumuz özü buna mane olur, Ermənistana təzyiq göstərir və ya təxribatlarla regionda “suları bulandırır". Odur ki, indi əlverişli şərait yaranıb və biz regional əməkdaşlıq baxımından bu imkanlardan istifadə etməliyik. Quru sərhədlərin ən qısa zamanda açılmasına nail olmaq lazımdır. Bunun üçün lazım gələrsə, İrəvana təzyiqlər artırılmalı, təmaslar intensivləşdirilməlidir. Fikrimcə, yaxın günlərdə xarici işlər nazirləri səviyyəsində bu mövzuda müzakirələrin aparılması da mümkündür”.

 

Müsahibimiz deyib ki, Ermənistanın quru sərhədlərin açılmasına razı olması bir sıra səbəblərlə bağlıdır:

 

“Birincisi, İrəvan artıq anlayır ki, regionun gələcəyi Türkiyə ilə münasibətlərdən asılıdır. Rusiyanın müharibədə qalib və ya məğlub olması Ermənistana sərf etmir. Çünki birinci halda İrəvana təzyiqlər artacaq, ikinci halda isə Paşinyan hakimiyyəti "çətirini" itirəcək. İqtidar bunu başa düşür və Türkiyə ilə münasibətləri mümkün qədər bərpa etməyə tələsir. İkinci bir tərəfdən, Ermənistanda hakimiyyət əleyhinə narazılıq artır. Bunun müxtəlif səbəbləri var. Onlardan biri də işsizlik və yoxsulluqdur. Hakimiyyət başa düşür ki, quru sərhədlər açılsa, insanlar müvəqqəti iş dalınca Türkiyəyə gedə bilərlər. Əlbəttə, çox güman, İrəvanın bu qərarı asanlıqla verməyib. Azərbaycan və Türkiyənin diplomatik məharətini də nəzərə almaq lazımdır. Şübhəsiz ki, Türkiyəyə gedən ermənilər arasında gələcəkdə bu ölkənin vətəndaşlığını qəbul edənlər də olacaq və bu, Ankaraya sərf edir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR