“Rusiyaya Çinlə birləşmək imkanı verməyəcəklər” - Politoloq
“Madriddə baş tutan NATO sammitində Çinə və Rusiyaya qarşı yeni bir konsepsiya formalaşdırıldı və bundan sonra biz dünyanın yeni mərhələyə başlamasına şahidlik edəcəyik”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Müsahibimiz qeyd edib ki, əsas təhdid Rusiyadır:
“Bu ölkə Avropanın geopolitik arxetekturasını, təhlükəsizliyini pozub. Çin də Avropaya qarşı iqtisadi ekspansiya siyasəti həyata keçirir. NATO həmçinin Yaponiya, Avstraliya, Yeni Zelandiya kimi ölkələri də bu sammitə dəvət etmişdi. Göründüyü kimi, NATO regional deyil, Qərb alyansıdır. Ümumilikdə beynəlxalq müstəvidə mübarizəyə başlayır. Bu istiqamətdə Çin və Rusiya əsas təhdid olaraq qalacaq. Düşünürəm ki, Qərb koalisiyası bu iki ölkəyə qarşı formalaşdırılırsa, Rusiya və Çin bir ittifaqda birləşə bilər”.
Ekspert əlavə edib ki, Çinin Ukrayna məsələsində Rusiyaya kömək etməsi isə inandırıcı deyil:
“Çünki Çinə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi ehtimalı güclüdür. Onun da iqtisadi tərəfdaşı məhz ABŞ və Avropa ölkələridir. Fikrimcə, Qərblə Çin arasında yalnız soyuq müharibə gedəcək. Rusiya isə ümumiyyətlə zəifləyəcək, bu istiqamətdə işlər də aparılır. Elə bir vəziyyət yaradılacaq ki, Rusiya Çinlə birləşib Qərbə qarşı vahid koalisiya yaratmasın”.
Günay Rəsulqızı