Əliyevin Türkmənistan paytaxtından verdiyi DÖRD MÜHÜM MESAJ
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri başa çatdı. Səfər çərçivəsində Prezident iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib.
Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib. Azərbaycan Prezidenti sözügedən tədbirdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub:
Birincisi, Prezident çıxşı zamanı Türkmənistan ilə Azərbaycan arasındakı münasibətlərə toxunaraq Türkmənistanın keçmiş Prezidenti, Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu yubileyi münasibəti ilə təbrik edib. Bundan başqa, Prezident Sərdar Berdiməhəmmədovu da prezident seçilməsi münasibəti ilə təbrik edib.
İlk başda bu adi protokol və siyasi etiket qaydaları kimi görünsə də, Prezidentin Türkmənistana və onun dövlət başçılarına yanaşması xüsusi diqqət çəkir. Belə ki, Türkmənistan Şimali Koreyadan sonra dünyanın ikinci ən qapalı ölkəsi hesab edilir. Bundan başqa, bu ölkə xarici siyasətdə olduqca ehtiyatlı və kövrək davranış sərgiləyir.
Rəsmi Bakı buna baxmayaraq, hazırda Türkmənistan ilə ən sıx xarici siyasət aparan ölkədir. Türkmənistanın geosiyasi mövqeyi, enerji resursları ilə zənginliyi, Xəzəryanı ölkə olması və ən nəhayət, digər türk respublikalarına sərhədinin olması bu ölkəni Bakı və türk ittifaqı üçün vacib edir. Yaxın keçmişdə iki ölkə arasında münasibətlər vaxtaşırı pisləşsə də, hazırda münasibətlər tarixinin ən yaxşı dövrünü yaşayır. Rəsmi Bakının indiki məqamda Türkmənistan siyasətini iki prioritet əsasında inkişaf etdirilir.
1. Türkmən qazının TANAP və TAP ilə Avropaya nəqli;
2. Türkmənistanın türk birliyinə inteqrasiyası.
Azərbaycan Avropanın alternativ enerji təminatçısı olmaq istəyirsə, bunu təkbaşınıa öz təbii ehtiyatları ilə edə bilməyəcəyini bilir. Buna görə də Mərkəzi Asiyanın neft və qazla zəngin ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə daim maraqlıdır. Təsadüfi deyil ki, bir müddət öncə ölkə başçısı Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı görünən isti münasibət onun Türkmənistan səfərində də müşahidə edildi.
İkincisi, Prezident çıxışı zamanı Azərbaycanın ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkə başçısnın çıxışı zamanı bu məsələyə toxunması heç də təsadüfi deyil. Belə ki, 2018-ci ildə Aktauda imzalanmış Konvensiya Xəzərin hüquqi statusuna dair imzalanmış ilk belə rəsmi razılaşmadır. Düzdür, sənəd hələ ki, qüvvəyə minməyib. Bunun əsas səbəbi də İranın hər vəchlə prosesi kölgələməsi, əsassız tələblər irəli sürməsidir. Buna görə də Prezident çıxışı zamanı açıqca bildirdi ki, sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Üçüncüsü, Prezidentin çıxşında ən diqqətçəkən məqam şübhəsiz ki, onun Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı fikirləri oldu. Prezident qeyd edib ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzləridir və Şərq-Qərb Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır: “Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu ifadəsi ümumi məna daşısa da, Prezidentin burada verdiyi mesaj əslində Transxəzər boru kəməridir. Rəsmi Bakı enerji siyasətinin bəlkə də ən önəmli layihəsi məhz Transxəzərdir. Təəssüf ki, bir sıra xarici təsirlərə görə bu layihə bu gün də icra edilməyib və layihə olaraq qalmaqdadr. Bununla belə, Prezident İlham Əliyev az qala hər sammitdə bu layihəyə birbaşa və ya dolayı yolla toxunaraq ölkələrin, xüsusilə də Rusiyanın nəbzini yoxlayır.
Trasxəzər layihəsi reallaşsa Mərkəzi Asiya ölkələrinin neft və qazı Azərbaycana, daha sonra isə rəsmi Bakının icra etdiyi layihə ilə Avropa bazarına çıxarıla bilər.
Dördüncüsü, çıxışı zamanı Prezidentin qeyd etdiyi “bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir” ifadəsi də diqqət çəkir.
Aydın məsələdir ki, indiki məqamda iki ölkə - İran və Rusiya digər ölkələrin daxili işlərinə qarışır, ərazi bütövlüyünə hörmətsizlik edir. Düzdür, ölkə başçısı çıxışında birbaşa bu ölkələri hədəf almasa da rəsmi Tehran və Moskvanın siyasəti hər kəsə məlumdur. Xüsusilə İranın son zamanlar Azərbaycan daxilində inanclı şəxslər üzərindən apardığı propaqanda faktiki olaraq bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir.
Turan Rzayev