Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı verdiyi 3 MESAJ 

Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı verdiyi 3 MESAJ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Səfər çərçivəsində ölkə başçısı ənənəvi olaraq bir sıra açılışlar edib, tikintisi davam edən obyektlərdə görülən işlərlə tanış olub.

Göygöl rayonuna səfəri çərçivəsində prezident Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə maraqlanıb.

 

Laçın rayonuna səfəri zamanı ölkə başçısı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi və Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub.

 

Kəlbəcər rayonuna səfər zamanı isə Prezident yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib, “İstisu” mineral su zavodunun, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişatı ilə tanış olub.

 

Prezidentin səfərinin ən diqqətçəkən məqamı isə şübhəsiz ki, Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsi oldu. Prezidentin komando hərbi hissəsinin açılışında çıxışı zamanı səsləndirdiyi bir sıra məqamlar diqqət çəkib.

 

Birincisi, ölkə başçısı qeyd edib ki, biz müharibə istəmirik, heç vaxt da istəməmişik, bununla belə biz istəyirik ki, maraqlarımız təmin olunsun, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin.

 

Həqiqətən də rəsmi Bakı nə bu gün, nə də bundan öncə işğal faktoruna baxmayaraq müharibə istəməyib. Çünki müharibə tərəflərin heç birinə müsbət heç nə qazandırmır. Digər tərəfdən, Azərbaycan işğal dövründə belə regionda hər zaman inkişafa, quruculuğa xidmət edən layihələrlə çıxış edib. Bu, bu gün üçün də belədir.

 

Rəsmi Bakı işğal faktoru ilə barışmadığı kimi müharibə nəticəsində yaradılmış reallıqların hamı tərəfindən qəbul edilməsini tələb edir. Bu haqlı bir tələbdir. Çünki regionun inkişafı və ehtimal edilən növbəti müharibələrin olmamasının tək yolu budur. Hesab edirəm ki, ölkə başçısının bu sözlərinin hədəfi təkcə Ermənistan deyil, müharibədən sonra yaranan reallıqlarla barışmaq istəməyən və regionda marağı olan qüvvələrdir.

 

İkincisi, Prezident çıxışı zamanı onu da qeyd edib ki, müharibədən sonra Azərbaycan ordusu həm silahlanma, həm də döyüş effektivliyi baxımından daha da güclənib. Biz ən müasir silahların alınması üçün yeni müqavilələr imzalamışıq, Azərbaycana yeni silahlar, müasir texnika gətirilir.

 

Ölkə başçısının bu sözlərindən çıxan nəticə budur ki, müharibənin baş verməsi və bitməsi, eyni zamanda əldə edilən qələbə hələ hər şeyin bitdiyi mənasına gəlmir. Yəni Azərbaycan dövləti və ordusu bütün neqativ hallara və keçmişdə baş verən işğal faktorunun acı nəticələrindən çıxardığı dərslərə görə bundan sonra da ordunun inkişafına və silahlanmasına əvvəlkindən də çox diqqət ayıracaq. Onu da deyim ki, ölkə başçısının bu sözləri Ermənistanda geniş-əks səda yaradıb. Belə ki, Ermənistanın ən baxımlı TV kanalı olan "TV 5-ci kanal"-ın "Haylur"- (Ermənixəbər) proqramı dünənki 12:30 buraxılışında bildirib:

 

"Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı sərhədlərin dəqiqləşdirilməsi prosesini gecikdirəcəyi təqdirdə peşman olacağı ilə hədələyib" .

 

Əslində bu, bir hədədən çox xəbərdarlıqdır. Yəni rəsmi İrəvan hələ də işğalçılıq və ya revanşizm düşüncəsindədərisə, bunun cavabını 44 günlük müharibədə olduğundan da ağır formada alacaq.

 

Üçüncüsü, Prezidentin çıxışındakı digər diqqətçəkən məqam isə şübhəsiz ki, onun “əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər” sözləri oldu.

 

Aydın məsələdir ki, bu gün Ermənistanda revanşizm tərəfdarı olan qüvvələr var. Bu qüvvələr nə 44 günlük müharibədə Ermənistanın üzləşdiyi ağır məğlubiyyətə, nə də müharibə sonrası reallıqları qəbul etmir. Ölkə başçısı əslində bu sözləri ilə təkcə regionda gedən prosesləri deyil, Ermənistanın daxilində gedən prosesləri də ən incə detalına qədər bildiyi və izlədiyini demiş oldu. Yəni rəsmi Bakı Ermənistanda baş verən daxili prosesləri izləyir, təhlil edir və qabaqlayıcı tədbirlər görür.

 

Prezidentin sözlərindən çıxan bir nəticə də rəsmi Bakının İrəvana vaxt verməsidir. Yəni Ermənistan prosesin həllini ləngitsə rəsmi Bakı bu prosesi yenə hərbi yolla Ermənistanın istəyindən asılı olmadan edəcək.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR