“Rusiyanın məğlub olması üçün bu qədər vaxt qalıb”- AÇIQLAMA

“Rusiyanın məğlub olması üçün bu qədər vaxt qalıb”- AÇIQLAMA

“Rusiyaya qarşı yeganə təsirli sanksiya neft-qaz qiymətlərinin ucuzlaşması ola bilərdi, rubla təsir edən yeganə addım xarici şirkətlərin Rusiya bazarından çıxması deyil, tam tərsi, satışlarını artırması ola bilərdi”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspert Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların effektiv olması üçün 2 il zamanın lazım olduğunu deyib:

 

 “Qərb ölkələri Rusiyaya qarşı sanksiyalarının qısa zamanda (bir daha, qısa zamanda) heç bir təsiri yoxdur, bəli, orta və uzan zaman kəsimində təsirləri olacaq, amma buna 2 il və daha artıq zaman lazım olacaq - bəs, yaxşı, Ukraynanın 2 il və daha artıq dözmək imkanı varmı?! Qərb hər şeyi tərsinə edir, çünki post-sovet toplumunu, əsas da Rusiya xalqını çözə bilməyib, hələ də anlamır ki, Rusiya əhalisinin 80%-i elə “Putinlərdən” ibarətdir, camaat elə Putin deyəni deyir.

 

Neftə qarşı sanksiya qoydular – qiymət bahalaşdı, bu gün Rusiya neftini Hindistana və Çinə satır, bəli, təqribən 20-30% daha ucuz satır, amma ən azı 80-90 dollara sata bilir, Rusiyada neftin maya dəyəri isə 10-14 dollar arasıdır. Qaza qarşı sanksiya qoydular – qazın qiyməti Qərbdə kəllə-çarxa çıxdı, Rusiya necə qaz satırdısa elə də satır, amma əvvəl (2019-cu ildə) 240 dollara (ortalama) satdığı qazı bu gün (2021-ci ilin sonundan bu günə) 1000 dollara satmağa nail olub”.

 

N.Cəfərli siyasət yeridərək Rusiyanı “qucaqlamaq” lazım olduğunu vurğulayıb:

 

“Dünən də G7 ölkələri Rusiyadan qızıl alışına qadağa qoyulması təklifini qəbul etdilər, bu qərar Rusiyaya 19 mlrd. dollar ziyan vuracağını söyləyirlər – amma yenə səhv hesablayırlar, Rusiya indi qızılı Qərbə deyil yox, Hindistana satacaq, zatən dünyada fiziki qızılı ən çox alan ölkə Hindistandır. Yəni Rusiya heç nə itirməyəcək, Qərbə satdığı qızılı indi Hindistan və Çinə satacaq, vəssalam.

 

Müharibədən öncə də dəfələrlə yazmışam – Rusiyanı zəiflətmək üçün onu dışlamaq yox, qucaqlayıb “boğmaq” lazımdır. İndi orta-uzun vadədə Rusiya zəifləyəcək, amma dünya və Ukrayna uzun zaman davam gətirə biləcəkmi – bax, əsas sual budur. Çünki Qərbin ən güclü yeri demokratiya, seçki olduğu kimi ən zəif yeri də məhz seçki və demokratiyadır – dünyada qiymət artımı, inflyasiya, qeyri-sabitlik demokratiyalara zərbə vurur, indiki hakimiyyətləri zəiflədir, növbəti seçkilərdə onların məğlubiyyətinin zəminini hazırlayır. Putin kimi diktatorun isə seçki və demokratiya dərdi yoxdur, ondan bunu tələb edən toplum da yoxdur, ona görə də demokratiyanın “yan təsirlərindən” sığortalanıb vəhşi kimi müharibə aparır, hələ uzun aylar da aparmağa qadirdir. Toplum “Putinləşib”, nə iqtisadi itkilər, nə də insan ölümlərinin sayı onlara təsir edir...”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR