NATO Rusiya ilə müharibəyə girir? -  “Nizamnamənin 5-ci maddəsi bu halda aktivləşəcək...”

NATO Rusiya ilə müharibəyə girir? -  “Nizamnamənin 5-ci maddəsi bu halda aktivləşəcək...”

“Rusiya Avropa İttifaqının sanksiyaları siyahısına daxil olan malları eksklavı olan Kalininqrada daşıya bilmir. Litva tərəfindən qoyulan bu qadağa Moskva-NATO gərginliyini daha da qızışdırır. Litvanın tranzit rolundan imtina etməsi vəziyyəti gün-gündən gərginləşdirir”.

Bu sözləri Sfera.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov son günlər Rusiya və Litva arasında yaşanan gərginlik və bu gərginlik fonunda rəsmi Vilnüsun Litva ərazisindən Kalininqrada dəmir yolu vasitəsilə yüklərin daşınmasına qadağa qoyması haqda danışarkən deyib.

 

Onun sözlərinə görə, Kalininqrad Rusiya üçün hərbi-strateji üstünlüyə malik ərazidir, elə bu baxımdan deyə bilərik ki, həmin region Moskvanın hərbiləşdirmə xəttində mühüm yer tutur:

 

“Məsələ ondadır ki, Kalininqrad Rusiyanın ən Qərb bölgəsidir və eksklavdır, yəni buranın Rusiya ilə heç bir sərhədi yoxdur. Kalininqradın Qərbində Baltik dənizi ilə sahil zolağı var və həmin vilayət Şərqdə Litva, cənubda isə Polşa ilə həmsərhəddir. Hələ SSRİ zamanında Kalininqrada doğru Moskva tərəfindən "Bastion” mobil müdafiə raketləri, “S-400” hava hücumundan müdafiə sistemləri, Avropanı hədələmək üçün “İsgəndər-M” raketləri və nüvə raketləri yerləşdirilib və NATO ilə artan gərginlik fonunda proses daha da vüsət almağa başlayıb. Bundan başqa Kalininqradda Baltik Donanmasının qərargahı yerləşir. Bu donanmaya üç kreyser, iki esmines, 18 freqat, 65 patrul kateri, 195 döyüş təyyarəsi, bir dəniz piyadası briqadası və iki sahil müdafiə artilleriya alayı daxildir.

 

Hazırda Rusiya bu qadağa qərarından bərk əsəbiləşərək Litvaya hədə yağdırır. Ancaq Rusiyanın strateji səbrinin daşması üçün bir neçə detal lazımdır. Onun Ukraynadakı müharibədə hansı nəticələr əldə etməsindən asılı olmayaraq, Kalininqrad cəbhəsində aqressivlik nümayiş etdirmək potensialı qat-qat çoxdur. NATO isə Rusiyanı sınağa çəkməkdə davam edir, onun burada hansı addımlar ata biləcəyini öyrənmək üçün Litvaya təlimat verir”.

 

Ekspertin sözlərinə görə, əgər Rusiya Kalininqrada keçid üçün dəhliz çəkməyə girişsə, bu NATO-ya müharibə elanı olacaq:

 

“Çünki Litva NATO üzvüdür və Rusiyanın həmləsi onu hədəfə gətirəcək, bu zaman isə NATO öz Nizamnaməsinin 5-ci maddəsini aktivləşdirmək məcburiyyətində qalacaq. NATO indiki məqamda Rusiyanın qarşısında Kalininqradın hərbisizləşdirilməsini şərt kimi qoyur. Əgər Rusiya özünün hərbi dozasını Kalininqradda azaldarsa, NATO da quru dəhlizini açaraq əvvəlki vəziyyəti bərpa edə bilər.

 

NATO həm də Kalininqrad üzərindən Rusiya-Ukrayna müharibəsinə dair Moskvanı zəif salan razılaşma əldə etməyə çalışır. Ancaq Rusiyanın ata biləcəyi hərbi addımlardan da çəkinir, bu ssenaridə isə Rusiyanın Ukraynadakı mövqelərinin möhkəmlənməsinə şərait yaradır”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR