Ukrayna və Moldava üçün tarixi qərar verildi – Şərh

Ukrayna və Moldava üçün tarixi qərar verildi – Şərh

“Ukrayna və Moldovanın Avropa Birliyi üzvlüyünə rəsmi namizəd ölkə statusu alması  tarixi qərardır”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. O bildirib ki, AB-yə üzvlük isə yaxın gələcəyin işi deyil, bunun üçün ən azı Kopenhagen və Maastriht kriteriyalarına uyğunlaşmaq lazımdır:

 

“Buna isə azı 10, bəlkə 15 il lazım olacaq. Lakin 24 fevral 2022-ci ilə qədər bu barədə ümumiyyətlə, söhbət belə yox idi. Ukrayna namizəd statusu bir yana, adicə üzvlük perspektivi almaq üçün mübarizə aparırdı. Ona nail olmağa çalışırdı ki, Avropa Birliyi Ukraynanın bütün kriteriyalara uyğunlaşacağı halda, nə vaxtsa təşkilata üzv qəbul ediləcəyini rəsmi qərarla vəd etsin.  Namizəd statusu almaq o mənaya gəlir ki, həmin ölkə rəsmən Avropa ailəsinin bir parçası elan olunur. Qərar hazırkı ağır şəraitdə Ukrayna dövləti və xalqı, o cümlədən cəbhədəki əsgərlər üçün böyük mənəvi dəstək və stimuldur”.

 

Ekspert qeyd edib ki, namizəd ölkə üçün üzvlük prosesi uzana, hətta sonda onu qəbul etməyə bilərlər:

 

“İndi Kopenhagen və Maastriht kriteriyaları Ukrayna üçün konkret bir yol xəritəsi rolunu oynayacaq və Ukrayna xalqı tələb olunan dəyişiklikləri, modernizasiyanı reallaşdıra bilməyən hökumətin yaxasına yapışacaq - lazım olsa, onları kabinetlərindən bayıra atıb, başqaları ilə əvəzləyəcək. Qərar işğalçı Rusiya üçün də yaxşı mesajdır. Dörd ay əvvəl Putin rejimi müstəqil, milli Ukrayna dövlətini ortadan qadıraraq onu öz qaranlıq təsir sferasına qaytarmaq niyyəti ilə müharibəyə başladı. Lakin dörd ay sonra Brüsseldən rəsmi siqnal aldı ki, Ukrayna Avropa ailəsinə aid olan suveren dövlətdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR