"Paşinyan vaxt qazanmağa çalışır, təxribata əl atacaq” - AÇIQLAMA
“Ermənistan Baş naziri Nikol Paşinyan vaxt qazanmağa çalışır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə avqustun əvvəli üçün Brüsseldə keçirilməsi nəzərdə tutulan liderlerin növbəti görüşündən danışarkən deyib. O bildirib ki, hazırda Ermənistan rəhbərliyinin siyasəti növbəti görüşü sual altına qoyur:
“Ümumiyyətlə, onlar Brüssel görüşündən yayınmağa çalışırlar. Çünki danışıqlarda əldə olunan razılışmalarda irəliləyiş olmalı idi. Amma, Ermənistan tərəfi razılığa gəlməməklə yanaşı, Kəlbəcərdə strateji yüksəklikləri tutmaq üçün əks həmlələr etməyə çalışır”.
Müsahibimiz Nikol Paşinyanın müdafiə naziri Süren Papikyanı Azərbaycanla sərhəddə göndərməsi məsələsinə də toxunub:
“Ermənistan tərəfi növbəti dəfə təxribata əl ata bilər. Bununla Ermənistanın məqsədi strateji yüksəklikləri ələ keçirmək və danışıqlarda kiçik də olsa üstünlük əldə etməkdir. Digər tərəfdən, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Zəngəzur dəhlizində maraqlı olmadıqlarını vurğulamaqla bir daha bu mövzunu öz maraqları çərçivəsində təqdim etdi. Görünür, Ermənistan tərəfi sülhə və danışıqlarda irəliləyişə nail olmaqda maraqlı deyil. Bunun üçün Azərbaycan təzyiqlərə əl atmalıdır”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri arasında “Brüssel formatı”nda sayca üç görüş keçirilib. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə ilk görüş 2021-ci il dekabrın 14-də baş tutub. 2022-ci il aprelin 6-da və mayın 22-də İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan Brüsseldə növbəti dəfə bir araya gəliblər.
Günay Rəsulqızı
Sfera.az






